“Dağ çiçəkləri”

 

Unutmaq yaxşıdır

 

Sən başqa duyğuda, mən özgə ruhda,

Ötdü ömrümüzün ağ buludları.

Səni düşünürəm, bilmirəm nədən?

Bu sabah, bu axşam, bu gecə yarı.

 

Sən ki yol salmışdın könlümdən hər gün,

Yanmış ürəyimin ,,sev” qapısından.

Əfsus, ağ gəlinlik paltarı geyib,

Keçmədin ömrümün ev qapısından!

 

Dönüşü olmayan son gedişinlə,

Yazdı qədəmlərin ayrılıqları.

Bəlkə də, haqq etdin, bəlkə də, heç yox,

Otur, ara-sıra bir düşün barı!

 

Həminki günəşdir, həminki səma,

Daha görünməyir o göy qurşağı.

Elə bil oturub göy çəmənlikdə,

Dincəlir yorulmuş bir kənd uşağı.

 

Bozdur bu dünyanın üzü əzəldən,

Soldurur qəlbində yaz olanları.

Unutmaq yaxşıdır, deyirəm, bəlkə,

Sənintək ürəyi buz olanları!

Murad Məhərrəm

 

Eynək kimi taxlram

 

Ay ürəyi dəmir adam, daş adam,

Addımları ünvanıma çaş adam,

Həsrətindən buxarlanmış buludam,

Yollarına, izlərinə yağıram.

 

Xəyalımdan gül camalın çəkilməz,

Sorağında qanadlarım bükülməz,

Axıb bir yol yanağıma tökülməz,

Öz içimdə, göz yaşıma çuxuram.

 

Dönüm yelə, bir küləyə hey əsim,

Tellərinə sığal çəksin nəfəsim,

Sədaqətdə ola bilməz əvəzim,

Bu ruhumla öz çəkimdən ağıram.

 

Mən eşqimə min il qabaq gəlmişəm,

Tökülmüşəm, yarpaq-yarpaq gəlmişəm,

Oz-özümdən tutub soraq gəlmişəm,

Qəbrim üstə ot bitirmişcığıram.

 

Baharıma erkən yağmış qaram mən,

Öz-ozünü alışdıran qoram mən,

Bax, o səni görən gündən koram mən,

Ürəyimi eynək kimi taxıram!..

Cəbrayıl Hüseyn

 

Dayandığım yer

 

Bilirsiz haradır dayandığım yer?

Ən uca zirvəsi ulu dağların!

Gəlib ürəyimdən keçib həmişə,

Cığırı dağların, yolu dağların!

 

“Mavi Göy” dənizi, Gün doğan üfüq,

Ayağım altında daş olub hər şey.

Ayağım torpaqda, başım buludda,

Gözlərim önündə çaş olub hər şey!

 

Elə bir yerdir ki, bu uca zirvə,

Sanki ayağımın altdadır dünya.

Başım buludlara toxunan andır,

Elə bil sonuncu qatdadır dünya.

 

Günəş şəfəqidir isidən məni,

Sağımdan, solumdan Vətən boylanır.

Başımdır göylərin yeddi qatında,

Məndən aşağıda dünya dayanır.

 

Elə bir yerdir ki, dayandığım yer,

Ürəyim Günəşlə, Ayla döyünür.

Ən uca zirvəyə insan çıxanda,

Ən hündür dağ belə alçaq görünür!

Rüstəm Məbudoğlu

 

Mən gəldim ki…

 

Tellərimə dalğaların toxunsun,

Dəli sevgim gözlərimdən oxunsun.

Eşqim qədər ürəyimə yaxınsın,

Mən gəldim ki, oxşa məni, dənizim.

 

Ruhumdakı azadlığın özüsən,

Dərdləşməyə güman yerim düzü, sən.

Adamlardan qaçıb gəldim daha mən,

Mən gəldim ki, oxşa məni, dənizim.

 

Al qoynuna, uzaqlaşım bir anlıq,

Qalmayıbdı güvənməyə insanlıq.

Bəlkə, elə məlhəm olar bu sonluq,

Mən gəldim ki, oxşa məni, dənizim.

 

Çox yorulub ruhum, cismim dünyadan,

Hər yan dolu xain, yaltaq, tor quran.

Can dediyin zərbə vurur arxadan,

Mən gəldim ki, oxşa məni, dənizim.

 

Min illərdi vədindən heç dönmədin,

Qağayılar sinən üstən enmədi.

Dəli, çılğın dalğaların dinmədi,

Mən gəldim ki, oxşa məni, dənizim.

Nailə Yırğançaylı         

 

Dünya

 

Ədalətin gözə dəymir,

Vermə mənə ağıl, dünya.

Hamı Haqqa boyun əymir,

Yıxıl, sökül, dağıl, dünya.

 

Comərdlərin qəfəsdədir,

Namərdin dəstə-dəstədir.

Yağ-bal yeyənin xəstədir.

Düz söz olub nağıl, dünya.

 

Bağım, bağçam gətirmir bar,

Hər kəs üçün bir üzün var.

Birisinə dərd – zəhrimar,

Birisinə noğul dünya.

 

Qarışıbdır haqlı, haqsız,

Bir çarə et, bir plan cız.

Anasını bəyənmir qız,

Atasını oğul, dünya,

 

Ədalətin gözə dəymir,

Vermə mənə ağıl, dünya.

Hamı Haqqa boyun əymir,

Yıxıl, sökül, dağıl, dünya.

Zümrüd Vəliyeva

 

Mən belə dünyanı neynirəm axı…

 

Dünyanın yükünü çəkən mən oldum,

Ağlayıb göz yaşın tökən mən oldum,

Həsrət körpüsünü tikən mən oldum,

Mən belə dünyanı neynirəm axı?

 

Qara saçlarıma vaxtsız dən düşüb,

Ömür yollarıma duman, çən düşüb,

Sevinc də, fərəh də məndən gen düşüb,

Mən belə dünyanı neynirəm axı?

 

Bu qoca dünyada kimim var mənim?

Bir özüm, bir ağır qəmim var mənim.

Tarixə yazılan ömrüm var mənim,

Mən belə dünyanı neynirəm axı?

 

Keçən günlərimə gün çatmaz oldu,

Əlimi uzatdım əl çatmaz oldu.

İllərim ötdükcə yarıtmaz oldu,

Mən belə dünyanı neynirəm axı?..

Vəsidə Mustafaqızı

 

Sən yaşamaq səbəbimsən

 

Mənsur şer

 

Sən Günəş kimi parlamısan bu dünyama.

Baxışların şirin noğul, məhəbbətin sirli dünyam.

Eşq çiçəyim, ətir yaydın bu dünyama.

Varlığın sevmək səbəbim.

Həyatım, gərəyim, göz bəbəyim

Şəlalətək təmiz eşqin bir bulağım,

dağ havası, yaşıl ağac,

eşqimizin bir kölgəsi,

ruhumun oxunmamış bir nəğməsi.

Ölüm gəlsə ayrılmayaq,

O dünyaya apar məni.

Həsrətindən qopar məni, sənli olum.

Sən yaşamaq səbəbimsən.

 

***

Qəlbinin bircə himiyəm,

Sazın köklənən simiyəm,

Eşqini içən kimiyəm,

Bir naxışdı məhəbbətim.

 

Eşq çölündə bir yaylağam,

Şəlaləyəm, həm bulağam

Eşqimizdə qırx otağam,

Bir naxışdı məhəbbətim

 

Sevgi ürəkdə sellənər,

Ayda, Günəşdə tellənər,

Eşqin mehində yellənər,

Bir naxışdı məhəbbətim.

Surə Ziyadqızı

 

Qəzəl

 

Dağlar mənə yol verin, azmışam dumanında,

Bir kimsə yox hay verə, qalmışam amanında.

 

Mən ki,sənə güvəndim dedim: “ol mənə həmdəm”.

Qırdın ümid çırağın fikrimin gümanında.

 

Dövran nə vəfa bidi, nə qədrimi anlayıb,

Bir ömrümü puç etdi hicranın zindanında.

 

Çox dost dediyim kəslər döndülər özgəsinə,

Qaldım yenə tək-tənha qüssəmin meydanında.

 

Göz yaşıma şahiddir gecələrin ulduzu,

Naləm əks-səda salıb dağların ünvanında.

 

Səbr ilə yaşadıqca artdı könül yarası,

Dərman görünməz oldu dərdimin dərmanında.

 

Eloğluyam aldanma, dünyanın baharına,

Min tikan gizlənmişdir hər gülün xəndanında.

Qəhrəman Eloğlu

Nədən…

 

İnsanlar dəyişir, yoxsa ki, zaman?

Sevmir əvvəlkitək qardaş qardaşı.

Gölər halımıza ağlayır hər an,

Nədən insan olur bu qədər naşı?

 

Üzmə ümidini gələn sabahdan,

Xeyir əməlinlə bir işə yara.

Şimşəyin çaxması çəkilən ahdan,

İnsandır insanı çəkdirən dara.

 

Nə vaxt düzələcək görən bu dünya?

Nə vaxt anlayacaq insan insanı?

Qoşsan bir-birinə, dönməzmi çaya?

Su yerinə axır insanın qanı.

 

Son qoyun savaşa, müharibəyə,

Axı bir-birinə bacı, qardaşıq.

İnsan yaxşılığa gərək baş əyə,

Vicdanı qalıbsa əgər bir qaşıq.

Şərqiyyə Balacanlı

 

Yenə

 

Yenə qara zülmət girib araya,

Gecənin gözündə pərdə görünür.

Ulduzlar karvanın düzüb sıraya,

Ayın ziyasında həsrət sürünür.

 

Yerin ülfətinə sığınıb göylər,

Sükut öz dilində haray-haydadır.

Nələri pıçıldar, nələri söylər,

Sirrləri açılmaz, sonsuz saydadır.

 

Yenə tənhalarla verib baş-başa,

Gecə zülmət içrə xəyala dalıb.

Olarla olmazı dayanıb qoşa,

Ümidlər sabahın özünə qalıb.

Mehriban İbrahimova

 

***

Çöldən parıltıyam, içdən qaraltı –

məftili qırılmış bir lampa kimi…

 

Səbəbli-səbəbsiz partlayışlarla

on dəfə, yüz dəfə qəlpələnmişəm –

Halqası çəkilmiş qumbara kimi

on metr, yüz metr səpələnmişəm.

Qəlpələnməyimi görən olmayıb,

partlayışlarımdan ölən olmayıb.

 

Məni bir dağ çayı sel ilə vurub,

Məni bir gül kolu gül ilə vurub,

üzümdə tikanın izi qalmayıb.

Bir bahar axşamı yel ilə vurub,

Bir nəfər bir acı dil ilə vurub,

– Bağışla! – deməyə üzü qalmayıb.

 

İyulun tozunda boğulan zaman

yoldan keçənlər də görməyib məni.

Obaşdan dan yeri ağaran zaman

yorğun küçələr də görməyib məni…

 

Böyürtkən kolunda əlim qanayıb,

böyürtkən şirəsi qanıma hopub.

Bir sərçə balası çıxıb canımdan,

ürəyim boş qalıb, ürəyim qopub…

 

Ha yanda varamsa, orda yoxam mən,

Bu da bir qəribə qismətdi elə.

Dənizi dəlitək sevənlər üçün

gəmidə olmaq da həsrətdi elə…

Furqan

 

Darıxmasın

 

Qar da əriyəcək, yaz da gələcək

Çiçək darıxmasın, gül darıxmasın.

Lalələr qoynunda yallı gedəcək,

Çəmən darıxmasın, çöl darıxmasın.

 

Könüldən bağlanıb bu gələn yaza,

Uyub yüz nəğməyə, düşüb avaza,

Sonalar dəstəylə gəlir pişvaza

Lacivərd dalğalı göl darıxmasın.

 

Hərdən azalsa da, səbri, qərarı,

Unutmaz dözümü, əyməz vüqarı.

Tezliklə darayar yar barmaqları

Sığal həsrətilə tel darıxmasın.

 

Axtarsın, arasın, öyrənsin sehrin

Felinə düşməsin ala gözlərin.

Qoy götür-qoy etsin dərindən dərin.

“Sevirəm” deməyə dil darıxmasın.

 

Bilirəm, sədaqət hopub canına

Hər vaxt sadiq qaldın öz ünvanına.

Xəyyam, bir şeirlə dur get yanına

Qadasln aldığın el darıxmasın

Xəyyam Nəbiyev

 

Yada saldı

 

Eşqdən, məhəbbətdən yazmayacaqdım,

Nifrət xatırlatdı, kin yada saldı.

Urək haray çəkib dedi nə isə,

Saça vaxtsız düşən dən yada saldı.

 

Vaxtı, zamanımı keçirtməyib boş,

Corab pinələdim, yamadım qaloş

Unutqan olardım gün olsaydı xoş,

Yaddan çıxanları qəm yada saldı.

 

Əhval öyrənməsi başdan burunun,

Yaş oduna hər vaxt yanan qurunun.

Nələr çəkdiyini işığın, nurun,

Nur anlatdı mənə, şəm yada saldı.

Tamam Nur Tağlabiyanlı

 

Oğul

 

Özümü arxalı, güclü sanıram,

Nə qədər arxamda sən varsan, oğul.

Sənə özümdən də çox inanıram,

Xoşbəxtəm səninlə hər zaman, oğul

 

Gözümdə canlandı bütün kainat,

Sənin ilk sədanı eşidən zaman.

İlk kəlməm bu oldu ürəkdən sənə –

Olaram ömürlük boyuna qurban.

 

Mənə qanad verdin, mənə ruh verdin,

Ən böyük arzumun qanadı sənsən.

Mənə ilham verən, məhəbbət verən,

Sevgimin ən təmiz muradı sənsən.

 

Sandım ki, dar gündə köməyim sənsən,

Sinəmdə döyünən ürəyim sənsən.

Hər zaman hər yerdə gərəyim sənsən,

Tükənməz istəyim, diləyim sənsən.

 

Arzumdur, hər zaman gəlsin xoş səsin,

Artsın ürəyində eşqin, həvəsin.

Sönməsin ümidi heç vaxt heç kəsin,

Xoşbəxtəm səninlə hər zaman, oğul!

Xuraman Baxış

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir