Mürsəliyevlər ailəsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin növbəti qonağı İsmayıllı rayonunun tanınmış ailələrindən biri – 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan mayor Sübhi Mürsəliyevin ailəsidir.
Vətənə bağlılığı, milli-mənəvi dəyərlərə sədaqəti və nümunəvi ailə münasibətləri ilə seçilən Mürsəliyevlər ailəsi həm qəhrəman övlad yetişdirməsi, həm də nümayiş etdirdiyi möhkəm ailə birliyi və vətənpərvərlik nümunəsi ilə cəmiyyətimiz üçün xüsusi əhəmiyyət daşıyır.
Ailənin başçısı Balamirzə Mürsəliyev 1954-cü ildə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) coğrafiya-geologiya fakültəsinə daxil olub və universitetə daxil olduğu ildən tanış olduğu, sevdiyi gözəl gözlü Cəmiləsi ilə eyni ildə universiteti başa vurub. Təyinatla bir müddət Leninqradda (indiki Sankt-Peterburqda) işlədikdən sonra vətənə qayıdaraq sevdiyi qızla ailə həyatı qurub və bir müddət ixtisası üzrə Bakı şəhərində fəaliyyət göstərib.
Əkbərova-Mürsəliyeva Cəmilə xanım 1954-cü ildə Tərtər rayonunda müəllim ailəsində dünyaya gəlib. Ailəsinin yaşayış şəraiti ilə əlaqədar olaraq təhsilini həm Bakı şəhərində, həm də Tərtər rayonunda davam etdirib. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) tətbiqi riyaziyyat fakültəsinə qəbul olub. Universiteti bitirdikdən sonra təyinatla Dövlət Plan Komitəsində mühəndis-proqramçı kimi fəaliyyətə başlayıb. Cəmilə xanım həyat yoldaşı Balamirzə Mürsəliyevlə tələbəlik illərində tanış olub. Onların tanışlığı zamanla möhkəm bir ailənin təməlini formalaşdırıb və cütlük 1977-ci ildə ailə həyatı qurub.
Lakin cütlüyün şəhər həyatı uzun çəkməyib. Balamirzə müəllimin anası kənddə tək qaldığı üçün hər ikisi öz ərizələri ilə işdən ayrılaraq Qurbanəfəndi kəndinə qayıdıblar. Balamirzə müəllim bir müddət yol idarəsində mühəndis kimi çalışsa da, sonradan həyat yoldaşı kimi Qurbanəfəndi kənd məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. Ömrünün sonunadək həmin məktəbdə fəaliyyət göstərib.
Həyat yoldaşını canından çox sevən, dünyaya onun gözləri ilə baxan, həyatının bir gününü belə onsuz təsəvvür etməyən Cəmilə xanım da heç tərəddüd etmədən yüksək vəzifəli işindən və şəhər həyatından könüllü şəkildə ayrılaraq Balamirzə müəllimlə birlikdə kəndə – qayınanasının yanına köçüb və Qurbanəfəndi kənd məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirib. Uzun illər kənd uşaqlarının təhsilinə töhfə verən Cəmilə xanım 2003-cü ildə çoxuşaqlı ana kimi pensiyaya çıxıb.
Həm Balamirzə müəllim, həm də Cəmilə xanım təkcə çalışdıqları məktəbdə deyil, bütün rayonda təcrübələri örnək göstərilən müəllimlərdən olublar. Onlar yalnız savadlı pedaqoqlar deyil, həm də nümunəvi ailə başçıları kimi tanınıblar. Vətəninə və dövlətinə layiq 5 övlad böyüdərək cəmiyyətə faydalı insanlar yetişdiriblər.
Ailənin ilk övladı Səbuhi Mürsəliyevdir. Məktəbə başladığı ilk gündən öz savadı və çalışqanlığı ilə daim həmyaşıdlarından seçilmiş, elə buna görə də təhsilini 8-ci sinifdən etibarən Anton Semyonoviç Makarenko adına Humanitar Təmayüllü Məktəb-Liseydə davam etdirmişdir. Orta məktəb təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə qəbul olmuş, ali təhsilinin ilk illərini Türkiyədə davam etdirmiş, daha sonra isə Azərbaycana qayıtmışdır. Bir müddət sonra həyat yoldaşı Şöhrət Mürsəliyeva ilə tanış olmuş və ailə həyatı qurmuşdur. Səbuhi Mürsəliyev hazırda dil-ədəbiyyat müəllimi, həyat yoldaşı Şöhrət Mürsəliyeva isə tarix müəllimi kimi pedaqoji fəaliyyətlərini İmişli rayonunda davam etdirirlər. Cütlüyün hazırda biri qız, ikisi oğlan olmaqla üç övladı var.
Vətən uğrunda öz canından keçərək şəhidlik zirvəsinə ucalan Sübhi Mürsəliyev 1979-cu il dekabrın 28-də İsmayıllı rayonunun Qurbanəfəndi kəndində anadan olub. Orta məktəbi əlaçılıqla başa vuran Sübhi Mürsəliyevin kiçik yaşlardan hərb sahəsinə böyük marağı olub, rayon üzrə təşkil olunanan atıcılıq yarışlarına qatılaraq dəfələrlə yer tutub, tərifnamələr alıbdır. Məktəb yaş dövründən Sübhinin vətənə olan bağlılığı başda ailəsi, müəllimləri olmaqla hər kəsi heyran etmişdir. Azərbaycan Ordusunun mayoru olan Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sübhi Mürsəliyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub. İsmayıllı rayonunda dəfn olunub. Sübhi Mürsəliyevin İlahə Mürsəliyeva ilə qurduğu ailədən 3 övladı vardır.
Ailənin üçüncü övladı Sidqi Mürsəliyev 1982-ci ilin yanvar ayında dünyaya gəlib. 1999-cu ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul olub və həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Daha sonra hərbi xidmətə yollanıb. Eyni zamanda ehtiyatda olan polkovnik-leytenantdır. Sidqi Mürsəliyev həyat yoldaşı Sədaqət Mürsəliyeva ilə eyni sinifdə təhsil alıb. Hər ikisi məktəb illərində yüksək nəticələri ilə seçiliblər. Bir müddət yolları ayrı düşsə də, tale onları yenidən bir araya gətirib və bir müddət sonra cütlük ailə həyatı qurub. Hazırda Sidqi Mürsəliyev Gəncə şəhərində yerləşən Abbas Səhhət adına Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsində cərrah kimi fəaliyyət göstərir. Həyat yoldaşı Sədaqət Mürsəliyeva isə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsinin məzunudur və 20 nömrəli məktəbdə riyaziyyat müəllimi kimi çalışır. Cütlüyün biri abituriyent olmaqla iki övladı vardır.
Ailənin dördüncü oğul övladı Nəsimi Mürsəliyev 1984-cü ilin iyul ayında dünyaya gəlib. 2001-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (APİ) ibtidai sinif metodikası ixtisasına qəbul olub. 2006-cı ildə isə ixtisasını dəyişərək APİ-nin riyaziyyat fakültəsində təhsilini davam etdirib. Hazırda üç övladı var və hər üçü məktəblidir.
Ailənin sonbeşiyi Çinarə Abbasova 1991-ci ildə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində dünyaya gəlib. Ali təhsilini Gəncə Dövlət Universitetinin tarix fakültəsində alıb. Hazırda iki oğlan və bir qız olmaqla üç övladı vardır.
Mürsəliyevlər ailəsinin həyat yolu yalnız bir ailənin tarixçəsi deyil, həm də elmə, təhsilə və ailə dəyərlərinə bağlılığın nümunəsi kimi yadda qalır.
Ailənin ümumilikdə 5 övladı – 4 oğlu və 1 qızı, həmçinin 14 nəvəsi vardır. Təhsilə xüsusi önəm verən ailədə 10 nəfər yüksək nəticələrlə ali məktəblərə qəbul olub, onlardan 7-si isə Bakı Dövlət Universitetinin məzunudur.
Bu nümunəvi ailə ilə müsahibəmizi Sizə təqdim edirik:
– Xoşbəxt evliliyin sirri nədədir?
C.Mürsəliyeva: “Xoşbəxt ailənin sirri nə var-dövlətdədir, nə də maddiyyatda. Xoşbəxt ailənin sirri yalnız sevgidədir. Hətta ən ağır işi belə yüngülləşdirən məhz sevgidir”.
N.Mürsəliyev: “Yeni ailə həyatı quran cütlüklər haqqında bir müddət sonra deyirlər ki, ‘hər iki tərəf bir-birini çox sevir, yəqin ki, onların ailə münasibətləri sağlam davam edəcək’. Lakin zaman keçdikcə görürsən ki, ailənin dayaqları sarsılıb və artıq boşanma həddinə gəlinib. Ailə daxilində kişi və qadın arasında mütləq ciddi güvən və qarşılıqlı hörmət olmalıdır. Heç bir tərəf digərinə kölə kimi baxmamalıdır. Əksinə, hər iki tərəf bir-birini baş tacı etməli, əl üstündə tutmalıdır”.
– Ailə daxilində anlaşmazlıqlar, fərqli fikirlər olduqda bu məsələni necə həll edirsiniz?
C.Mürsəliyeva: “Ailə daxilində bir-birini anlamaq çox önəmlidir. Əgər tərəflərdən biri əsəbiləşibsə, digəri susmağı bacarmalıdır ki, münaqişə böyüməsin. Dalğa necə daim çalxalanmırsa, insanın əsəbi də bir müddət sonra sakitləşir. Hər şey sakitləşdikdən sonra qarşılıqlı şəkildə fikirlər bölüşülə bilər”.
N.Mürsəliyev: “Ailə daxilində indiyədək ciddi problemimiz olmayıb. Məncə, bunun əsas səbəbi bir-birimizi anlamağımız və hörmət etməyimizdir. Səhvsiz insan yoxdur, hər iki tərəf əsəbiləşə bilər. Amma əsas məsələ həmin an mövzunu şişirtməmək, qarşı tərəf od olanda su olmağı bacarmaqdır”.
– Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?
C.Mürsəliyeva: Bu məsələdə valideynlərin rolu və ailə mühiti çox önəmlidir. Uşaqlara kiçik yaşlarından vətən sevgisi və vətənpərvərlik hissi aşılanmalıdır. Yoldaşımla birlikdə övladlarımıza hər zaman vətənpərvərlik ruhu aşılamağa, haqsızlığa qarşı susmamağı öyrətməyə çalışmışıq. Oğlum Süphi vətənpərvər və qəhrəman ruhlu böyüyüb, lakin biz onun bu xüsusiyyətinin fərqinə çox gec vardıq.
– Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?
C.Mürsəliyeva: Mən hər zaman düşünmüşəm ki, ailədə qarşılıqlı hörmət əsasdır. Evdə söz sahibinin kişi olması ilə yanaşı, qadının da fikri nəzərə alınmalıdır. Fikir ayrılığı olduqda bunu sakit və şirin dillə həll etmək mümkündür. Çünki mübahisə və dava vəziyyəti daha da böyüdə bilər.
– Bu gün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bu günə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz.
C.Mürsəliyeva: Bu mövzuda hər hansı bir peşmançılığımız yoxdur. Sadəcə belə bir məqam var ki, biz maddi cəhətdən bir az imkansız olmuşuq. Övladlarımızı istədikləri kimi təmin edə bilməmişik, onları istədikləri yerlərə apara bilməmişik, hər istədiklərini ala bilməmişik. Bu baxımdan narahat olduğumuz zamanlar olub. Amma indi baxıram ki, bəzi uşaqlar hər istədikləri alınanda bunu adi hal kimi qəbul edirlər. Sahib olduqlarına sevinmək əvəzinə, sahib olmadıqları şeylərə görə məyus olurlar. Mən isə düşünürəm ki, övladlarım çox şeyə sahib olmasalar da, sahib olduqlarının qədrini bilməyi bacarıblar.
Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
C.Mürsəliyeva: Ailə qurmaq istəyən gənclərə məsləhətim odur ki, ailəcanlı olsunlar. Əvvəl sevib, sonra ailə həyatı qursunlar. Kasıblığa və ya varlılığa deyil, ailənin sağlamlığına və xoşbəxtliyinə önəm versinlər. Sevgi hər şeyi həll edən ən böyük ünsürdür. Elə ailələr var ki, heç nəyi yoxdur, amma böyük sevgiyə sahibdirlər. Elə ailələr də var ki, hər şeyləri var, lakin bir-birlərinə qarşı sevgiləri yoxdur.
– Ailənin qorunması və uzunömürlü olması üçün gənc ailələrə nə məsləhət görərdiniz?
N.Mürsəliyev: İstənilən evi qurarkən ilk növbədə onun bünövrəsini sağlam qoymaq lazımdır. Ondan sonra hər şey öz qaydasına düşür. Bir çox gənclər ailə qurmağı və dağıtmağı oyuncaq hesab edirlər. Söz-söhbət etməkdənsə, bir-birini anlamaq ailənin təməlini qoruyan ən vacib amillərdən biridir.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi olaraq mərkəzin ekspert qrupunun üzvü Aynurə Mirzəliyevanın da iştirakı ilə Mürsəliyevlər ailəsinə etdiyimiz ziyarətdən xoş təəssüratlarla ayrılırıq. Hörmətli Mürsəliyevlər ailəsinə dəyərli fikirlərini bizimlə bölüşdüklərinə görə təşəkkürümüzü bildirir, onlara uzun ömür və möhkəm cansağlığı arzu edirik.
Aytən Qubadova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı




