Respublika çempionları ilə görüş keçirilib
Respublika səviyyəli yarışlarda qazanılan hər bir uğur rayonun gənclərinin bilik, bacarıq və vətənpərvərlik ruhunda yetişdiyini göstərən mühüm göstəricidir. İsmayıllı gənclərinin növbəti böyük qələbəsi də onların məqsədyönlü hazırlığının və əzmkarlığının parlaq nəticəsi kimi yüksək dəyərləndirilir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi “Gənc xilasedici və yanğınsöndürən” respublika yarışında I yerə layiq görülərək qızıl medal qazanan “İsmayıllı” komandası ilə görüş keçirib.
Görüş zamanı komandanın əldə etdiyi möhtəşəm nəticə yüksək qiymətləndirilib, onların əzmkarlığından, hazırlıq prosesində göstərdikləri məsuliyyətdən danışılıb. Komandanın rəhbəri, Əməkdar müəllim Əsgər Manafovun və bu uğurda əməyi olan hər kəsin fəaliyyəti xüsusi qeyd edilib.
RİH-nin başçısı gənclərimizi qazandıqları böyük qələbə münasibətilə bir daha təbrik edib, onlara gələcək yarışlarda da uğurlar qazanmağı arzulayıb.
Görüşdə İsmayıllı gənclərinin bundan sonra da respublika səviyyəli yarışlarda rayonumuzu layiqincə təmsil edəcəklərinə və yeni nailiyyətlərə imza atacaqlarına inam olduğu bildirilib.
Belə uğurlar gənclərin vətənə sədaqət, məsuliyyət və komanda ruhu kimi dəyərlər əsasında formalaşmasının bariz nümunəsidir. İnanırıq ki, bu qələbə gələcək nəsillər üçün də motivasiya mənbəyi olacaq, İsmayıllının idman və vətənpərvərlik ənənələrinə yeni uğurlar qazandıracaq.
Ş.Soltanov

