Birgə əməkdaşlıq vacibdir

 

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında “Milli immunlaşdırma kampaniyasının keçirilməsinə dair Tədbirlər Planı” ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimov, baş həkim Nərgiz Rəhimova, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərov, İlkin Səhiyyə Xidmətləri şöbəsinin müdiri Maya Məmmədova, kənd tibb məntəqələrinin müdirləri və əməkdaşları iştirak edib.

Görüşün əsas məqsədi “Milli immunlaşdırma kampaniyasının keçirilməsinə dair Tədbirlər Planı” ilə aidiyyəti əməkdaşları tanış etmək, kampaniya çərçivəsində həyata keçiriləcək tədbirləri müzakirə etmək və qarşıda duran vəzifələri müəyyənləşdirmək olub.

Görüş zamanı xəstəxananın direktoru Vidadi Rəhimov əhalinin, xüsusilə də hədəf qruplarının immunlaşdırma tədbirlərinə cəlb edilməsinin vacibliyini vurğulayıb. O, kampaniyanın yüksək səviyyədə təşkili, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, peyvəndlənmənin vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Baş həkim Nərgiz Rəhimova “Milli immunlaşdırma kampaniyasının keçirilməsinə dair Tədbirlər Planı”nın bütün bəndləri barədə iştirakçılara ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. O, kampaniyanın uğurla icrası üçün görüləcək tədbirlər ətrafında tibbi personal ilə fikir mübadiləsi apararaq, müvafiq tövsiyələrini verib.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərov isə çıxışında peyvəndlərin Gigiyena və Epidemiologiya Mərkəzindən təhvil alınması, şokəleyhinə dəstlərin yoxlanılması və yenilənməsi, eləcə də kampaniya ilə bağlı digər təşkilati məsələlər barədə ətraflı məlumat verərək, iştirakçıların suallarını cavablandırıb.

Görüşdə kampaniyanın uğurla həyata keçirilməsi üçün bütün aidiyyəti qurumlar arasında koordinasiyalı fəaliyyətin və birgə əməkdaşlığın vacibliyi bir daha vurğulanıb.

Leyla Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir