Əməkdar müəllimin 75 illik yubileyi keçirilib

 

Xalqın mənəvi sərvətlərindən biri olan təhsil ənənələrinin yaşadılması, bu sahədə uzun illər səmərəli fəaliyyət göstərmiş pedaqoqların əməyinin yüksək qiymətləndirilməsi cəmiyyətimizdə xoş ənənəyə çevrilib. Ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş müəllimlərin yubileylərinin qeyd olunması onların zəhmətinə verilən dəyərin, müəllim adına göstərilən ehtiramın bariz nümunəsidir.

İsmayıllıda da rayonun tanınmış ziyalılarından, Azərbaycan Respublikasının Əməkdar müəllimi Şəfaqət Rəsulovun 75 illik yubileyi böyük hörmət və ehtiramla qeyd olunub. Tədbirdə yubilyarın uzun illər ərzində təhsil sahəsində göstərdiyi xidmətlərdən, yüzlərlə şagirdin və gənc müəllimin formalaşmasındakı əvəzsiz rolundan, rayonun ictimai həyatında qazandığı nüfuzdan geniş bəhs edilib.

İyul ayının ilk günündə İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Əməkdar müəllim Şəfaqət Rəsulovun 75 illik yubileyi Heydər Əliyev adına Mədəniyyət Sarayında keçirilib.

Yubiley mərasimində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev, veteran müəllimlər, məktəb direktorları, pedaqoqlar, təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Eyyub Musayev çıxış edərək Şəfaqət müəllimi 75 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni uğurlar arzulayıb. Bildirib ki, ömrünü müqəddəs müəllimlik peşəsinə həsr edən, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində mühüm xidmətləri olan belə ziyalıların həyat yolu hər zaman örnəkdir.

Digər natiqlər də yubilyarı səmimi qəlbdən təbrik edərək onun keşməkeşli və şərəfli ömür yolundan, təhsil sahəsində qazandığı nailiyyətlərdən, uzun illər rəhbərlik etdiyi məktəbdə yaratdığı sağlam pedaqoji mühitdən, həmkarları və yetirmələri arasında qazandığı yüksək hörmət və nüfuzdan danışıblar.

Tədbirin bədii hissəsində şagirdlərin ifasında müəllimə, məktəbə və Vətənə həsr olunmuş şeirlər səsləndirilib, musiqi nömrələri təqdim edilib. Rəngarəng çıxışlar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb və yubileyə xüsusi ovqat qatıb.

Yubilyara təşkilatçılar tərəfindən Fəxri fərmanlar təqdim olunub, xatirə hədiyyələri bağışlanıb.

Sonda Şəfaqət Rəsulov onun şərəfinə təşkil olunmuş yubiley tədbirinin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib. O, xüsusilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırova, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Şəhriyar Soltana, İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Sarayının rəhbərliyinə və kollektivinə, eləcə də İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivinə və şagirdlərinə təşəkkürünü ifadə edib.

Yaddaqalan yubiley tədbiri Şəfaqət Rəsulovun 20 il direktor vəzifəsində çalışdığı məktəbdə çay süfrəsi arxasında davam edib. Tədbir iştirakçıları səmimi söhbətlər aparıb, xatirə şəkilləri çəkdirərək yubilyara cansağlığı və yeni yubileylərə qovuşmağı arzulayıblar.

 Şahməmməd Soltanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir