Tədbirlərin mütəmadi keçirilməsi vacibdir
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin 2026-cı il hazırlıq planına uyğun olaraq, 14 iyul 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində əməkdaşlar üçün “Fövqəladə hallarda davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin maarifləndirmə sektorunun baş məsləhətçisi Roman Salahov, Ərazi orqanları ilə iş şöbəsinin baş zabiti, daxili xidmət mayoru Amil Hümbətli, fövqəladə halların baş vermə səbəbləri, təbii və texnogen xarakterli hadisələr zamanı təhlükəsizlik qaydaları, yanğın zamanı davranış, ilkin təxliyə tədbirləri, fövqəladə hallarda operativ qərar qəbul etməyin əhəmiyyəti və aidiyyəti qurumlarla əlaqələndirmə məsələləri barədə ətraflı məlumat veriblər. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, fövqəladə hallar zamanı düzgün davranış qaydaları ilə bağlı praktiki tövsiyələr verilib.
Mərkəzin direktoru Lətifə Əliyeva əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasının, təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinin və belə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayaraq, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

