Cəfəngiyyatlar toplusu olan “Nağıla dönən Müdri”
Sözün və yazının məsuliyyətini dərk etməyən insan utanmadan istənilən cəfəngiyyatın altına imza ata bilər. Bəyənmədiyimiz sovet dövrünün belə etiraf edilməli bəzi müsbət cəhətləri var idi. Onlardan biri də diletantlığın bu qədər geniş yayılmasına imkan verilməməsi idi. Azadlıq o demək deyil ki, bildiyin-bilmədiyin hər mövzuda fikir yürüdəsən, hər sahədə yazmaq iddiasına düşəsən. Belə “cəsarət” əslində məsuliyyətsizlikdən və qazanc ehtirasından doğan biabırçılıqdır. Vaxtilə oxuduğum bir fikir yadımdadır: “Həyatın bütün sahələrindəki diletantların ortaq cəhəti iddialarıdır”. Lakin hər iddianın da bir həddi olmalıdır. O hədd aşılanda artıq cəmiyyət ziyan görür.
Üç-dörd il bundan əvvəl kəndimizdən olan bir nəfər bildirdi ki, Müdridə doğulmuş, ali təhsil almış və cəmiyyətdə müəyyən nüfuz qazanmış insanlar haqqında kitab nəşr etdirmək istəyirlər. Bu məqsədlə məndən qısa tərcümeyi-hal istədilər. Mən bunu təbii qarşıladım. Lakin güman etmirdim ki, məqsəd etnoqrafik və elmi dəyər daşıyan bir əsər buraxmaq istəyidir. (Yoxsa mən buna hec cür razılaşmazdım). Bunların məqsədi tamamilə başqa məzmunlu bir kitab hazırlamaq imiş. Özümün və ali təhsilli bir neçə qohumumun şəkillərini və tərcümeyi-hallarını təqdim etdim. Üstəlik, az da olsa, kitabın çapına maddi dəstək göstərdim. Bu “ağır işi” isə Hacı Məşədi Kərbəlayi Adıgözəl Vəlbinəli öz üzərinə götürdü.
Etiraf etmək lazımdır ki, kitab zahiri görünüşünə görə kifayət qədər keyfiyyətli çap olunub. Təəssüf ki, onun keyfiyyəti yalnız üz qabığı ilə məhdudlaşır. İlk diqqət çəkən məqam redaktor kimi Hidayət Musayevin göstərilməsi və onun adından “Redaktorun sözü” başlıqlı yazının verilməsidir. Dünyada normal düşüncəli, ali təhsilli və ya təhsilsiz hər hansı bir insanın həmin mətnin altına öz imzasını qoyacağına inanmaq çətindir. Buna misal olaraq həmin yazıdan cəmi bir sitata nəzər salaq:
“Ey vətənsevərlər, elsevərlər, Müdrisevərlər, Hacı Adıgözəl Vəlbinəlinin qədrini bilin, onu sevin, ona rəğbət bəsləyin. O, Tanrı tərəfindən sizlərə göndərilmiş nadir incidir. Onu qoruyun! Sonra gec olar!..”
Gülməlidir, deyilmi?! Burada çatışmayan bir ifadə qalır – Adıgözələ beyət edin.
Mətnin sonunda isə “Hörmətlə, Hidayət Musayev, akademik, alim” imzası yer alıb. Tənbəllik etmədim, Hidayət Musayevi axtarıb tapdım və onunla danışdım. Hidayət müəllim səmimi və normal düşüncəli bir naşirdir, nəşriyyat rəhbəridir. Onun sözlərinə görə, nə bu kitabdan, nə də “Redaktorun sözü” adlı yazıdan xəbəri olub.
Rəyçi kimi filologiya elmləri doktoru, professor Ruziyə Quliyevanın adı göstərilib. Halbuki Ruziyə xanım filologiya elmləri doktoru deyil, filologiya üzrə fəlsəfə doktorudur. Görünür, kitabın tərtibçisi elmi dərəcələr arasındakı fərqi bilmədiyindən fəlsəfə doktoru ilə elmlər doktorunu eyniləşdirib. Bu isə kitabın hazırlanmasına nə dərəcədə məsuliyyətsiz yanaşıldığını göstərən nümunələrdən biridir. Ruziyə xanım əsasən Qazax bölgəsinin folklorunun tədqiqatçısıdır. Onun Müdri kəndi ilə bağlı bu kitaba rəy verməsi və ya belə bir rəy yazması inandırıcı görünmür. Bu səbəbdən kitabda onun adından istifadə olunmasının nə dərəcədə əsaslı olması haqlı suallar doğurur.
Kitabın çıxış məlumatlarında çapa məsul şəxs kimi professor Xəlil Yusiflinin adı göstərilib. Halbuki kitabın materialları 2023-cü ildən toplanmağa başlanmış, kitab isə yalnız 2026-cı ildə çap olunmuşdur. Professor Xəlil Yusifli isə 2022-ci ildə vəfat edib. Belə çıxır ki, vəfat etmiş alim nəinki 2023-cü ildən toplanan materiallara, hətta 2026-cı ildə çap olunan kitaba da “çapa məsul şəxs” kimi təqdim edilib. Bunu sadəcə texniki səhv adlandırmaq çətindir. Dünyasını dəyişmiş alimin adından bu cür istifadə etmək həm peşəkarlıq, həm də etik məsuliyyət baxımından ciddi suallar doğurur. Bu, rəhmətlik Xəlil müəllimin ruhuna təhqirdir.
Bölgədə hamıya məlumdur ki, Müdri kəndinin əhalisi tarixən türk əsilli və türk dilli olub, bu gün də belədir. Müdrililər əsasən Qubadan və Təbrizdən gələn ailələrdən, eləcə də qədimdən həmin ərazidə məskunlaşmış yerli müdrililərdən ibarət olublar. “Əfəndilər” adlanan yerli müdrililər sonralar Diyallıya köçüblər və ehtimal ki, Diyallı əfəndiləri ilə onların qohumluq əlaqələri mövcud olub. Deməli, bu üç mənbədən formalaşmış Müdri əhalisinin hamısı türk əsilli və türk dilli olub. Lakin təəccüb doğuran odur ki, Müdri haqqında yazılmış kitabda tatlarla bağlı ard-arda üç məqaləyə yer verilib. Tural Həmidinin tatlarla bağlı məqaləsinin böyük hissəsinin Adıgözəlin kitabına “köçməsi” təsadüf təsiri bağışlamır. Maraqlıdır, deyilmi?! Halbuki Tural Həmidi Azərbaycandakı etnik qruplarla bağlı araşdırmaları ilə tanınır. Elə görünür ki, Adıgözəl də ən çox həmin yazılardan “bəhrələnib”.
Bunun məqsədi nədir? Bu, hansı dairələrin və ya hansı mərkəzlərin sifarişi idi? Oxucu bu sualların cavabını müəllifdən və onun məsləhətçilərindən gözləməkdə haqlıdır. Halbuki rəhmətlik Məmmədmirzə müəllim bu məsələni vaxtilə kifayət qədər araşdırmış və öz əsərlərində əsaslandıraraq qeyd etmişdir.
Başdan ayağa cəfəngiyyatlarla dolu kitabda istənilən qədər yaramazlıq var. “Müdri kəndinin keçmiş ziyalıları” adlı başlıq verilir. Normalda oxucu düşünür ki, yəqin hansısa müdrili ziyalının adı çəkiləcək, yaxud onun həyat və fəaliyyəti barədə söhbət açılacaq. Amma yox. Oxuyursan ki, bir neçə mollanın yeyib-içməyindən, əllaməliyindən bəhs olunur, axırda da Habib kişinin adı ötəri xatırlanır. O da naqis şəkildə təqdim olunur.
Bu azmış kimi, elə bil müəllifdə hər şeyi bir-birinə qatmaq vərdişə çevrilib. Sanki Müdridə də həmişə hərc-mərclik hökm sürübmüş. Həmid müəllimin bu “tərbiyəvi şeiri” isə deyilənlərə nöqtə qoyur:
Şahbabanı döydülər,
Xanbabanı söydülər,
Qalmışdı bir Seyidbaba,
Ona da çəkdilər iki yaba!..
İnsan olan kəs heç olmasa haqqında yazdığı insanların bu gün yaşayan övladlarını, nəvələrini, nəticələrini nəzərə almalıdır. Özünü “araşdırmaçı jurnalist” adlandıran müəllif isə ən sadə tarixi faktı belə araşdırmağı lazım bilməyib. Halbuki Müdridə axund deyil, əfəndi olub.
Heç bir tarixi fakta və istinada söykənməyən uydurmalarla “Müdri tarixi” yazır. Özünün və məsləhətçilərinin məntiqsiz iddialarını aksioma kimi təqdim edən bu nadan, akademik Ağamusa Axundovun tutarlı elmi dəlillərini isə adi bir fərziyyə səviyyəsinə endirib oxucusuna sırımağa çalışır. Bununla da kifayətlənməyərək, Müdrinin guya “Müdrəsədən” ayrıldığını da iddia edir. Bu yerlərdə dağ yəhudilərinin yaşadığını israr edir. Bu həyasızlığın həddi-hüdudu yoxdur. Bu insan savadsız olduğu qədər də hiyləgərdir. Kaş öz peşəsi – qaynaqçılıq və ya nağaraçılıqla məşğul olaydı. Bu, həm özü, həm də cəmiyyət üçün daha faydalı olardı, nəinki “araşdırmaçı jurnalist” və “publisist” adı altında cəfəngiyyatı araşdırma kimi təqdim edib insanları aldatmağa çalışması.
Heç bir yazı etikasına əməl etməyən bu başabəla kitab müəllifi digər müəlliflərin materiallarından yeri gəldi-gəlmədi istifadə edir, lakin nə müəllifin adını göstərir, nə də mənbəni qeyd edir. Məsələn, Məmmədmirzə müəllimin “Yol gedər sizə dağlar” silsiləsindən olan məqaləsindən “Qüdrət baba nəql edir” ifadəsi ilə istifadə edərək oxucuda belə təsəvvür yaradır ki, guya həmin yazını ona Qüdrət baba danışıb. Əslində isə bu, Məmmədmirzə müəllimin çap olunmuş məqaləsindən götürülmüş mətndir. Bununla da kifayətlənmir, müəllifin çap olunmuş materiallarını sitat kimi təqdim etmək əvəzinə, sanki özünün topladığı və qələmə aldığı materiallarmış kimi oxucuya təqdim edir.
Bu binəva hoqqabazın cəfəngiyyatları bununla qurtarsaydı nə vardı ki?.. Oxucularına nəsihət və məsləhət verir ki, yeni peyda olmuş fırıldaqçılardan, iblislərdən uzaq olsun. Biabırçılıq onda başlayır ki, bundan ötrü görkəmli şairimiz Bəxtiyar Vahabzadənin “Dünyanın” şeirini
Baş çıxarmaq həm çətindir, həm asan,
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.
…müəyyən sözlərini dəyişərək utanmadan guya özünün yazığı “Dünyanın” şerində
Çətin, qardaş, baş çıxara bilərsən,
İblisindən, mələyindən dünyanın.
Allah səni güldürsə bax, gülərsən,
Baş açmazsan kələyindən dünyanın.
…şeir dili ilə deməsidir. Heç olmasa yazsaydı ki, Bəxtiyar Vahabzadənin “Dünyanın” şeirinə yazdığım nəzirədir, bu şeir, yenə güzəşt etmək olardı. Bunun bir adı var – oğurluq. Bunu heç bir özünə və yazısına hörmət edən yazı-pozu adamı etməzdi ki, bunu da Adıgözəl edib.
Kitabda təxminən 89–90 nəfər haqqında məlumat verilir. Lakin bu şəxslərin hansı meyar əsasında sıralandığını anlamaq mümkün deyil. Nə yaş ardıcıllığı gözlənilib, nə elmi səviyyə nəzərə alınıb, nə ixtisas və sənət uyğunluğu var, nə də tutduqları vəzifə və cəmiyyətdəki mövqeləri. Sanki yeganə meyar Adıgözəlin özünəməxsus məntiqidir. Bu məntiqin nəyə əsaslandığını isə müəllifdən başqa bilən yoxdur. Elə şit-şit, naftalin iyi verən, mənasız, məntiqsiz, üslubsuz söz yığınını şeir adı ilə təqdim edib ki, adam öz adını onun yanında görəndə utanır. Daxili məzmundan məhrum “tərifnamələr” püskürür. Şəxsən mənim haqqımda da xeyli şit, mənasız söz yığınını şeir adı ilə təqdim edib. Bu azmış kimi, verdiyim tərcümeyi-halımı da öz “istedadına” uyğun şəkildə uzadıb, yazmadığım və demədiyim şeyləri uydurub.
Məsələn, guya mən Müdridə oxuyarkən boş vaxtlarımda məni axtaranda Müdri məktəbinin kitabxanasında taparlarmış. Tamamilə yalandır. Mən Müdri kənd orta məktəbində oxuyanda həmin məktəbdə kitabxananın olub-olmamasını belə bilməmişəm. Doğrudur, kənd kitabxanasından xeyli kitab götürmüşəm. Amma orada oturub mütaliə etməmişəm, kitabları gecələr evdə oxumuşam. Məndən soruşsaydı, deyərdim ki, o vaxt məni boş vaxtlarımda axtaran yalnız müdrililərin “Şiron” dediyi yerdə – futbol meydançasında tapa bilərdi.
Kəndimizdə 9-10 nəsil vardır. Hər nəslin nümayəndəsi bunu bilir. Mən şəxsən bir neçəsini saya bilərəm: Mirzəbabalı, Səfərli, Xasılı, Seydiqasımlı, Alqasxanlı, Qədeşdi, Qurbanlı, Əzizdi və sair. Amma nədənsə bu kitabda yalnız iki nəsil barədə ətraflı danışılır, sanki o biri nəsillərin kəndin ictimai-mədəni həyatında yox kimi davranılıb. Bu ona dəlalət edir ki, kitab tərtibçilərini ətraflı fakt yox, digər “amillər” maraqlandırıb. Yoxsa başqa nəsillərin nümayəndələri ilə söhbətlər edərdi. Kitab bir nəfərin benefisinə çevrilməzdi. Axırda da bir nəsli rəzilcəsinə aşağılayaraq belə yazır. “El arasında yarızarafat, yarıgerçək bir məsəl də gəzib-dolaşır. Məsəl belədir: “Səfərlilərdən heç kim xeyirə çatmayıb, çatmayacaq…”
Müdridən yazırsansa, Ələsgər babadan, İsmayıl Ağayevdən, Ziya və qardaşı Emin Əhmədovlardan ətraflı bəhs etməməyini yalnız diletantlıqla izah etmək olar. Uzun illər Müdri kənd məktəbi məhz Ələsgər babanın elm və mənəviyyat ocağı olmuşdur. Onu nə sovet hakimiyyəti əqidəsindən döndərə bildi, nə də sovetləşdirə bildi. Ləyaqət və təmizliyin simvolu olan İsmayıl Ağayev, həmçinin Müdridə, Cülyanda və ətraf kəndlərdə məktəblərin əsasını qoyan Ziya müəllim kəndin maarif tarixində silinməz iz qoymuş şəxsiyyətlərdir. Müdrinin mərkəzindəki imarət uzun illər onların fəaliyyət göstərdiyi elm və maarif ocağı olmuşdur. Müdriyə avtomobil yolunun çəkilməsində müstəsna xidmətləri olan Şahsuvar Rzayev bu gün də kənd sakinləri tərəfindən ehtiramla xatırlanır. Təəssüf ki, kitab müəllifi bu xidmətləri layiqincə dəyərləndirmək əvəzinə, oxucunu özünün mənasız, bədii yük daşımayan, düşük şeirləri ilə baş-başa qoyur. Bu şeirlər kitabın sanbalını artırmır, əksinə, onun üzərində iyrənc bir atmosfer yaradır. Bütün o zonaya elektrik xəttinin çəkilməsinin bütün ağırlığını isə atam Vəli Qarayev öz üzərinə götürmüşdü. Yeri gəlmişkən, o, texnikum təhsilli idi. Müdrinin ilk elektrikçisi idi. Amma kənd üçün gördüyü işlər bəzi “ali təhsilli” “tarix yazanların” diqqətindən kənarda qalıb. Təəssüf ki, nə kitab müəllifi, nə də onun başbilənləri bu xidmətləri xatırlamağa ehtiyac duymublar.
Bu başıbəlalı kitabda diqqətimi çəkən məqamlardan biri də 1941–1945-ci illər sovet-alman müharibəsində Müdri kəndindən iştirak edənlərin siyahısının verilməsi oldu. Bu təşəbbüsü təqdir edirəm. Amma bir sual məni rahat buraxmır: niyə yalnız Vaşa kəndindən olanlar ayrıca qeyd olunub? Axı Müdri sovetliyinə təkcə Vaşa deyil, daha 7 kənd daxil idi. Bəs o kəndlərin müharibə iştirakçıları niyə yada düşməyib? Bu seçimin məntiqini anlamaq mümkün deyil.
Çox maraqlıdır ki, həm Adıgözəl, həm də onun əsas məsləhətçisi və tərəfdaşı olan Həmid (Əhməd) Hacıyev müdrililərlə bağlı xatirələrini əsasən mənfi çalarda təqdim ediblər. Halbuki müdrililər çox zarafatcıl, baməzə, həyat dolu insanlar olublar və elə indi də elədirlər. Vəlbinəli atasının yetim, fərsiz və çox kasıb olduğunu vurğulayır (doğrudan da hamı ona Yetim Ərziman deyərdi). Buna görə də onun Müdridən köçdüyünü xüsusi qeyd edir. Atası ilə atasının əmizadəsi, müdrililərin əsl ağsaqqallarından biri olmuş Ağadadaş əminin İsmayıllı şəhərində görüşünü təsvir edir. Ağadadaş əmi, yəqin ki, yarızarafat, yarıciddi soruşur: “Ə, yetim, sən hələ yaşayırsan?” Atası isə cavab verir: “Qaratikan olub gözünə batacam”. Bunu xatırlamaq və kitabda vermək Adıgözəl ağlının məhsulu ola bilərdi. Və ya Həmid Hacıyev “Maral əhvalatı” hekayəsini danışır. Sonda doğma əmisi Sabir müəllimi (el arasında Əsələmi deyirdilər) aşağılayaraq, maral balasını rayonun birinci katibi ilə pozulmuş münasibətlərini düzəltmək üçün ona necə verdiyini nəql edir. Doğma əmisinin demagoqluğu nəticəsində vəzifədən azad olunması və sonradan həmin maral balasının sayəsində yenidən vəzifəyə qaytarılması kimi bir hadisənin kitab materialı kimi təqdim edilməsi aşağılıq kompleksinin ifadəsi kimi qiymətləndirilməlidir.
Bu gerizəkalı müəllif kitabın bir yerində yazır: “Əgər bu gün mənim əlim qələm tutursa, soyum, köküm Müdri ilə bağlıdırsa, niyə mən Müdrinin tarixi ilə bağlı kitab yazmayım?” Belə bir məntiq yalnız savadsız
adamın ağlına gələ bilər. Tarix qohumluq hissi ilə deyil, bilik, mənbə və elmi vicdanla yazılır. Hələ utanmadan bunları yazasan. “Hörmətli oxucu! Yazdığım “Nağıla dönən Müdri” kitabını oxuyanda səndə milli qürur və vətənpərvərlik hissi oyanacaqdır. Bu ensiklopedik, monoqrafik kitab həm də səni elin tarixindən və bir çox mətləblərdən xəbərdar, agah edəcəkdir”. Atalar belə yerdə deyib: “Utanmasan, oynamağa nə var ki”.
Kitab boyu müəllifin savadsızlığından və məlumatsızlığından qaynaqlanan o qədər kobud səhvlərə rast gəlinir ki, onların hamısını sadalamaq üçün ayrıca bir kitab yazmaq lazım gələr. Ona görə də yalnız bir nümunə ilə kifayətlənəcəyəm. Müəllif Baxışov Nurbala haqqında yazarkən belə qeyd edir: “Bu vaxtı Nurbala SSRİ-nin Litva şəhərində hərbi xidmətdə idi”. Bu cümlədən sonra müəllifin tarix haqqında təsəvvürünün hansı səviyyədə olduğunu izah etməyə ehtiyac qalmır. Litvanı şəhər hesab edən bir şəxsin tarixi araşdırma yazmağa cəhd etməsi acı təəssüf doğurmaqla yanaşı, gülüş də doğurur. Çünki Litva heç vaxt şəhər olmayıb; o, SSRİ-nin tərkibində müttəfiq respublika olub, hazırda isə müstəqil dövlətdir. Tarix kitabı yazmağa iddia edən bir müəllifin bu qədər elementar tarixi və coğrafi biliyə malik olmaması onun əsərinin “elmi” dəyəri barədə oxucuda kifayət qədər aydın təsəvvür yaradır.
Ayıblarına utanmaq əvəzinə, qapı-qapı gəzib bu kitab üçün pul dilənmək – həqiqətən də biabırçılıqdır. Bu mənzərə insanın qürurunu incidən, cəmiyyətin mənəvi ölçülərini sual altına alan bir haldır. Sonda qeyd edirəm ki, hər bir Müdrili “Nağıla dönən Müdri” kitabının müəllifini və “başbilən”lərini həm fərdi, həm də kollektiv şəkildə ittiham etmək hüququna malikdir. İnsan şəxsiyyətinin deqradasiyası baş verdikdə isə onun üçün artıq heç bir dəyər, heç bir sərhəd qalmır.
İslam Qarayev


