400 bal toplayan məzunla görüş

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunların uğurlarının dəyərləndirilməsi, onların zəhmətinin qiymətləndirilməsi və gənclərin yeni nailiyyətlərə həvəsləndirilməsi məqsədilə Dağlıq Şirvan Regional Təhsil İdarəsində növbəti görüş keçirilib.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov ali təhsil müəssisələrinə qəbul imtahanlarında III ixtisas qrupu üzrə maksimum nəticə – 400 bal toplayan İsmayıllı rayon Qalacıq kənd tam orta ümumtəhsil məktəbinin XI sinif məzunu Qardaşova Fidan Ceyhun qızı ilə görüşüb.

İsmayıllı rayonu üzrə təhsil sektorunda keçirilən görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, müdir müavini Rahim Novruzov, İsmayıllı rayonu üzrə təhsil sektorunun müdiri Rəşid Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, İsmayıllı rayon Qalacıq kənd tam orta ümumtəhsil məktəbinin direktoru Rusan Qasımov iştirak ediblər.

Görüş zamanı Qardaşova Fidannın əldə etdiyi yüksək nailiyyət xüsusi vurğulanıb, onun göstərdiyi əzmkarlıq, məqsədyönlülük və zəhmətkeşliyin digər şagirdlər üçün nümunə olduğu qeyd edilib. Eyni zamanda təhsil aldığı məktəbin pedaqoji kollektivinin və valideynlərinin bu uğurdakı rolu yüksək qiymətləndirilib.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Fidan Qardaşovanı təbrik edərək ona gələcək təhsil həyatında yeni uğurlar arzulayıb.

Görüşün sonunda Fidan Qardaşovaya Fəxri fərman və hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Qeyd olunub ki, bu cür uğurlar ölkədə həyata keçirilən təhsil islahatlarının, müəllim əməyinin və şagirdlərin məqsədyönlü hazırlığının bəhrəsidir. İnanılır ki, Fidan Qardaşovanın qazandığı nailiyyət gələcək məzunlar üçün də stimul olacaq, onları daha böyük hədəflərə doğru inamla addımlamağa ruhlandıracaq.

Ruhəngiz Qasımova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir