Unudulmaz vətənpərvərlik dərsi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Ziyad Mehdiyev adına Ağbulaq kənd ümumi orta məktəbinin kollektivi işğaldan azad edilmiş Qarabağ torpaqlarına mənəvi və tarixi əhəmiyyət daşıyan səfər həyata keçirib.

Səfərin əsas məqsədi kollektivin Qarabağın zəngin tarixi, mədəni irsi və azadlıq uğrunda qazanılmış böyük Zəfər haqqında daha yaxından məlumat əldə etməsi olub. Səfər çərçivəsində kollektiv əvvəlcə Ağdam şəhərinə baş çəkib. Uzun illər işğal altında qalan şəhərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri iştirakçılarda böyük qürur hissi yaradıb. Daha sonra kollektiv Xocalı şəhərində olub, burada xalqımızın yaddaşına əbədi həkk olunmuş faciənin qurbanlarını ehtiramla yad edib. Səfərin növbəti dayanacağı tarixi Əsgəran qalası olub. Qalanın qədim memarlıq xüsusiyyətləri və Qarabağ tarixində tutduğu mühüm yer iştirakçıların diqqətini cəlb edib. Səfər iştirakçıları  həmçinin Xankəndi şəhərini ziyarət edərək burada Azərbaycan dövlətinin suverenliyinin bərqərar olmasının yaratdığı qürurverici mənzərənin şahidi olublar.

Qarabağın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfər isə xüsusilə unudulmaz olub. Şuşanın tarixi küçələri, qədim abidələri və bərpa olunan mədəniyyət ocaqları kollektiv üzvlərində dərin təəssürat yaradıb Şuşada olmaq hər bir iştirakçı üçün həm qürur, həm də mənəvi yüksəliş mənbəyinə çevrilib.

Kollektivin növbəti səfəri Laçın rayonuna olub. Füsunkar təbiəti, dağları və saf havası ilə seçilən Laçında aparılan yenidənqurma işləri ziyarətçilərdə Qarabağın gələcəyinə olan inamı daha da artırıb.

Bu səfər Ağbulaq kənd ümumi orta məktəbinin kollektivi üçün yalnız bir ekskursiya deyil, həm də vətənpərvərlik dərsi olub. İşğaldan azad edilmiş torpaqlarımızı görmək, orada aparılan quruculuq işləri ilə tanış olmaq və şəhidlərimizin xatirəsini yad etmək iştirakçıların Vətənə bağlılıq hisslərini daha da gücləndirib. Kollektiv səfərdən böyük qürur və xoş təəssüratlarla qayıdaraq, Qarabağın dirçəlişinin şahidi olmağın sevincini yaşayıb.

Kollektivin üzvləri bu səfərin ərsəyə gəlməsi üçün göstərdiyi dəstəyə görə Elm və Təhsil İsçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Əfatun Baxışov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir