“Dağ çiçəkləri”
Portret şeir
Eh! Mənim öyünməyə nəyim qalıbdır daha?
Üzümdəki qırışlar məndən qabaq söz deyir.
Eşidən qiymət verir tez-tez çəkdiyim aha,
Ümidim tək Tanrıdır, O da mənə: Döz! – deyir.
Saçlarımın ağlığı ağır günlərdən nişan,
Qazandığım nə varsa, göydəndüşmə olmadı.
Gələn günü düşündüm, amma saxlamadım can,
Gülüş görməyən üzüm elə-belə solmadı.
Dizlərimin taqəti yoxuşları yox etdi,
Qollarımdakı qüvvət keçdi kəsəyə, daşa.
Atam atalıq borcun verməmiş çıxıb getdi,
Uşaqkən ata oldum yetim bacı-qardaşa.
Ah! Nələr eşitmədim? Nələr gördü gözlərim?
Zaman əyib buraxdı, güc gəlib sındırmadı.
Çalışdım izim qalsın… Kimə gərək izlərim?
Ucaltdım, batırmadım mənə qoyulmuş adı.
Vaxt tapıb mən də baxdım dünya pəncərəsindən,
Ruha rahatlıq verən bir şey görmədim, əfsus.
Qulaqlarım batmada həyatın cır səsindən,
Hardansa bir səs gəlir: Şair, yetər, dinmə, sus
Şahməmməd Dağlaroğlu
Gözlərindir qaldığım yer
Ən müqəddəs məkanımdır,
Gözlərindir qaldığım yer!
Əllərimdən düşürdüyüm,
Ürəyimdir çaldığım yer!
Aylar, illər ötüb keçir,
Necə dözüm hicranına?
Əgər qurban demisənsə,
Boya məni al qanıma!
Sənə sarı yol gəlirəm,
Yolu necə bitirəcəm?
Damıb mənim ürəyimə,
Səni bir gün itirəcəm!
Üzü dönüb sevgimizin,
Bənövşəsən boynubükük.
Alışıram atəşində,
Alovlanıb körük-körük!
Mən yazdığım nəğmələrin,
Əvvəli həm, sonu da sən.
Gözlərimin çeşməsindən,
Damcı-damcı süzülürsən!
Murad Məhərrəm
Gəzir
Elə alışmışam, həsrət dağında,
Atəşin içində, könlüm qar gəzir.
Xislətdən, qəlbinin kasıblığında,
Məni unudanım dövlət-var gəzir.
Həm ahıl qocayam, həm körpə çağa,
Nağılam, başımı qarısdırmağa.
Sönmüş bir ocağı alışdırmağa,
Külümün altında hələ qor gəzir.
Qəlbim bir sevdaya, bir eşqə qulmuş,
Sanki bu sədaqət tək mənə qalmış.
Qupquru budaqda hələ bar gəzir.
Tufanlar oğrayıb budaqlarımı,
Küləklər, nəğməli dodaqlarımı.
Bir ömür “tıxayıb” qulaqlarını,
O qız da dünyada hələ kar gəzir.
Cəbrayıl, heç kəsin haqqını danma,
Ömürdən ötüşən illərə yanma.
Dünyaya yenidən gəlsən inanma,
Desələr: “Vəfasız etibar gəzir!”
Cəbrayıl Hüseyn
Müharibə başladı
Müharibə başladı!
Döyüşə yola düşdüm!
Mərmilərdən od yağdı,
Var-gücümlə döyüşdüm!
Ürəyimə yazmışdım,
Sevdiyim qızın adın.
Döyüşərək duyurdum,
Eşqimin ətrin, dadın.
Ürəyimdə sevgimə,
Mən saraylar qurmuşdum.
Sevgim ilə vətənin,
Keşiyində durmuşdum.
Mərmi partladı qəfil,
Tir-tir əsdi dağ, dərə.
Qəlpə dəydi yarımın,
Adın yazdığım yerə.
Köksüm altda ürəyim,
Dayandı, durdu birdən.
Şəhid oldu mənimlə,
Sevdiyim qız o gündən!
Rüstəm Məbudoğlu
Ömür məni tələsdirmə
Baba Vəziroğlunun “Məndən bir də olmayacaq” şerinə nəzirə
Səma, bulud ağlayacaq,
Hər bir gözdə yaş donacaq.
“Məndən bir də olmayacaq”,
Ömür məni tələsdirmə.
İllər keçir bu ömürdən,
Könlümüzdür min bir dürdən.
Köz ayrılmır heç kömürdən,
Ömür məni tələsdirmə.
Çəmənlərə meh əsdirmə,
Bənövşədir, tez küsdürmə,
Eşq gülünü gəl kəsdirmə,
Ömür məni tələsdirmə
Ürəyimin var yiyəsi,
Yarpaq üstə nur jaləsi.
Nəğmə deyir şəlaləsi,
Ömür məni tələsdirmə.
Unutmaram eşq yarasın,
Gündüz kəsin, gecə asın.
İtirmişəm göz qarasın,
Ömür məni tələsdirmə.
Eşq bağında bir bülbüləm,
Səhrasında susuz güləm.
Öcağında yatan küləm,
Ömür məni tələsdirmə.
Qəmxanəyəm, divanəyəm,
Əfsanəyəm, pərvanəyəm.
Ölsəm de ki, bir danəyəm,
Ömür məni tələsdirmə.
Surə Ziyadqızı
Bir də mən
Keçdi ömür, çiçək kimi solur can,
Taparammı həmin varı bir də mən.
Nəyi umdum, nəyi gördüm dünyadan,
Aramıram o civarı bir də mən.
Cavan oldum köhlən idi o atım,
Yollar yordum – gözəl olsun həyatım.
Qismətinə yetməyincə muradım,
Çapdım elə eşqə sarı bir də mən.
Çox saf idim,könül uşaqsayaqdı,
Sanardım, eşq varlığıma dayaqdır.
Dedim, ürək, ilqarında oyaq dur,
İtirməyim dostu-yarı bir də mən.
Sevdalıyam, ruhum, qəlbim təzə-tər,
Çələng oldu eşqə mail nəğmələr.
Ziyafətə tələsirəm hər səhər,
Gül, kəpənək, ağac, arı, bir də mən.
Nə olsun ki, Tanrı qoyur ömrə hədd,
Ümidimdir, pənahımdır məhəbbət.
Ay sevənlər, sizin olsun səadət,
Mənə isə evim, qarı, bir də mən.
Şahlar Hacıyev
Bitəcək
Heç kəs bilməz taleyi, sonu harda bitəcək,
Gül çiçəkli baharda, yoxsa qarda bitəcək.
Dünya bir kölgə kimi ötüb gedər gözündən,
Neçə min arzu, xəyal ahu-zarda bitəcək.
Nə var-dövlət əbədi, nə cahü-cəlal qalar,
Şah da, fəqir də gedib son məzarda bitəcək.
Nəfsinə uyan insan haqq yolundan azdıqca,
Nadanlığa yol açıb, dərd, azarda bitəcək.
Əkib xeyr toxumu yaxşılıqdan ayrılma,
Saleh əməlin sənin ruzigarda bitəcək.
Haqqa bağla qəlbini, zikrin olsun dilində,
İman ilə yaşayan xoş diyarda bitəcək.
Eloğlu ömrü ölçmə mal ilə, dövlət ilə,
İnsanın qiymət günü haqq divanda bitəcək
Qəhrəman Eloğlu
Sənsiz
Sənsiz otağım qaranlıq,
Nə fərqi var məzarından.
Həsrətin qaya yüküdü,
Qurtarmıram azarından.
Köz-köz olmuş ürəyimin,
Yarasından qan fışqırır.
Gözümə kabus görünür,
Divarlar mənə qışqırır.
Gözümdə yuxu yoxdu ki,
Xəyalını çağırmışam.
Gəlmədi, qanım soyudu,
Ah, necə də ağırmışam.
Məhəbbətin günəş idi,
Söndün də, mən də solacam.
Sən mənsiz məzar içisən,
Mən sənsiz dəli olacam.
Xatın
Öz yeri var
“Kar” üçün sözlərini
Bəzəməkdən nə fayda?
Onsuz yaxşı eşitmir,
Karlar üçün bu fayda.
“Kor” üçün üz-gözünü
Bəzəməkdən nə fayda?
Onsuz görmür gözləri,
Yor özünü, nə fayda?
Hər şeyi zamanında
Elə lazım olana.
Nahaq özünü yorma,
Heyfin gəlsin zamana.
Vüsalə İsmayılova
Sevgi
Sevgi bir nurdur, qəlbə toxunan,
Könüllərdə əbədi iz qoyan.
Sözlər kifayət etməz izahına,
Ürəyin dərinində duyulan arzusuna.
***
Sevgi bir bağdır, gizli, müqəddəs,
Hər nəfəsdə hiss olunan möcüzə səs.
O, zamanla daha da güclənir,
Qəlbləri eyni ritmə çəkir.
***
Könlün bir güldür, solmaz, əzizim,
Sözün bir nurdur, yolumda izim.
Ruhunla gələn o saf məhəbbət,
Dostluqla doludur hər bir söhbət.
***
Tanrı qorusun səni hər zaman,
Qəlbin açıq olsun, pak olsun iman.
Bu şeir kiçikdir, sevgimsə ulu,
Dostluq bağımızın uzansın yolu.
Zümrüd Vəliyeva
Xatirə dünyam
Yenə xatirələr düşüb araya,
Dünəni bu günə çəkib sürüyür.
İtmiş günlərimi düzüb sıraya,
Gözümün önündə asta yeriyir.
Qurduğum xəyalın nübar çağıdır,
Özümü özümə qənim eyləyib.
Bilmirəm nə sayaq ömür çağıdır,
Qışında baharı yoldan əyləyib.
Alıb gözlərimdən hicran yağışın,
Könlümə baharın özün gətirib.
Baxıram, vurduğu ömür naxışın,
Sulayıb üstündə vüsal bitirib.
Bənövşə ətrinə bürünüb hər yan,
Əlində bir dəstə üzümə gülür.
Uzaqdan səs gəlir, eyləyib üsyan,
Payız küləkləri qapıma gəlir.
Elə qərib-qərib büküb boynunu,
Bu günüm dünənə həsrətlə baxır.
Ömür yollarında tale oyunu,
Xatirə dünyamı köksünə sıxır.
Mehriban İbrahimova
Verməyək ömrü hədər
Bir kərə yaşayır hər kəs dünyada,
Hər günün hər anın qədrini bilək.
Verməyək mənasız ömrü hədər,
Yaranan qüssəni, qəmi tez silək.
Hər gün gözəlliyə bir addım ataq,
Sevincli anların sayı çox olsun.
Sevək hər bir kəsi təmiz ürəklə,
Həyatdan yamanlıq, pislik yox olsun.
Həyata kim gəlir ikinci dəfə?
Yaxşının, xoş günün qədrini bilək.
Mənalı yaşayaq hər günü, ayı,
Ürəklə danışaq, ürəklə gülək
Ürək geniş olsa, ruh cavan qalar,
Ömrümüz doxsana, yüzə ucalar.
Məhəbbətlə ötsə ömrün hər günü,
İnsan qocalsa da, gözəl qocalar.
Xuraman Baxış
Bilmirəm
Nə vaxtdır getmisən, yerin boş qalıb,
Bahar köçüb, ömrümdə bir qış alıb,
Gözlərimdə neçə damla yaş qalıb,
Unuda bilmirəm səni, bilmirəm.
Demirəm ki, Günəşimsən, Ayımsan,
Aldığım nəfəsim, odum, suyumsan,
Sən mənim ömürlük həsrət payımsan,
Unuda bilmirəm səni, bilmirəm.
Nə vaxt közərtmisən odumu belə,
Adam yandırarmı adamı belə,
Hərdən unuduram adımı belə,
Unuda bilmirəm səni, bilmirəm
Tahir Rəcəb
Çayımı bu dəfə soyutmuşam mən
Piləyə-piləyə, qaynar içməyib,
Çayımı bu dəfə soyutmuşam mən.
Məndən çıxmayan iş çayın rəngini,
Qırmızı etməyib, qaraltmışam mən.
Uzun çəkər desəm itib zəhmətim,
Bu haqda olarsa sözüm, söhbətim.
Kəhrəba rəngini alıb sifətim,
Ağdan-ağ üzümü saraltmışam mən.
Baş açmış olub ki, nədi kədər, qəm,
Gözü dolub-daşıb, yaş gəlib həmən.
Elə söz demişəm, yazmışam ki mən,
Ağlamayan kəsi ağlatmışam mən.
Tamam Nur Tağlabiyanlı

