İsmayıllı şəhəri sakinlərinin nəzərinə!
HÖRMƏTLİ SAKİNLƏR!
Qəbiristanlıqlar əzizlərimizin əbədi uyuduğu, xatirələrinin yaşadıldığı müqəddəs məkanlardır. Bu məkanların təmiz, səliqəli, abad və ziyarət üçün əlverişli vəziyyətdə saxlanılması hər birimizin mənəvi və vətəndaşlıq borcudur.
İsmayıllı bələdiyyəsi tərəfindən son illər qəbiristanlıqların abadlaşdırılması, ümumi ərazinin hasarlanması, daxili yolların və keçidlərin açılması, təmizlik və yaşıllaşdırma işlərinin müntəzəm aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məqsəd bütün məzarların eyni qayğı ilə əhatə olunması, qəbiristanlıqlarda nümunəvi səliqə-sahmanın və nizam-intizamın təmin edilməsidir.
Keçmişdə ayrı-ayrı məzarların dəmir barmaqlıqlarla hasarlanması müəyyən zərurətdən irəli gəlirdi. Lakin bu gün qəbiristanlıqların ümumi ərazisinin hasarlanması və qorunması həmin zərurəti aradan qaldırmışdır.
Təcrübə göstərir ki, məzarlar ətrafındakı dəmir barmaqlıqlar təmizlik və abadlıq işlərinin aparılmasına mane olur, qəbirlərarası keçidləri məhdudlaşdırır, baxımsız qalmış məzarların kol-kos içərisində görünməz vəziyyətə düşməsinə səbəb olur və qəbiristanlığın ümumi görünüşünə mənfi təsir göstərir.
Müasir yanaşmaya əsasən, ayrıca məzarların deyil, ümumi qəbiristanlıq ərazisinin hasarlanması daha məqsədəuyğundur. Bu yanaşma həm bütün məzarların bərabər qayğı ilə qorunmasına, həm də təmizlik və abadlıq işlərinin maneəsiz aparılmasına imkan yaradır.
Bununla əlaqədar, İsmayıllı bələdiyyəsi şəhər sakinlərinə və mərhum yaxınlarına hörmətlə müraciət edərək məzarlar ətrafında quraşdırılmış dəmir barmaqlıqların könüllü şəkildə sökülməsinə anlayışla yanaşmalarını və bu təşəbbüsə dəstək vermələrini xahiş edir.
Unutmayaq ki, məzara göstərilən hörmət onu əhatə edən dəmir hasarla deyil, məzarın təmizliyi, səliqəsi, baxımı və mərhumun əziz xatirəsinə bəslənilən ehtiramla ölçülür. Qəbiristanlıqlarımızın ümumi təmizliyi və abadlığı isə dünyasını dəyişənlərə hörmətimizin, cəmiyyətimizin mədəni səviyyəsinin və milli-mənəvi dəyərlərimizə bağlılığımızın ən gözəl göstəricilərindən biridir.
Əminik ki, göstərəcəyiniz anlayış və əməkdaşlıq sayəsində qəbiristanlıqlarımız daha səliqəli, baxımlı və ziyarət üçün rahat vəziyyətdə olacaq, əzizlərimizin xatirəsi hər zaman layiq olduğu ehtiramla yad ediləcəkdir.
Anlayışınıza və əməkdaşlığınıza görə Sizə təşəkkür edirik.
İsmayıllı bələdiyyəsi

