Gənc nəslə hər zaman örnək olan müəllim

 

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı  (ETİHİ) İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı A.Aslanov adına şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin qabaqcıl riyaziyyat müəllimi, sabiq tədris işləri üzrə direktor müavini Əliyeva Gülxar Ağadadaş qızının 70 illik yubiley tədbiri keçirilib.

Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin  İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, kollektiv və ailə üzvləri iştirak ediblər. Kollektiv üzvləri və gələn qonaqlar Gülxar müəllimin həyat və iş fəaliyyəti haqqında xoş xatirələr söyləyərək ona sağlam ömür,  xoş istirahət arzulayıblar. Qeyd olunub ki, Gülxar Əliyeva ömrünün 50 ilindən çoxunu İsmayıllı rayonunda təhsilin inkişaf etdirilməsinə sərf edib, minlərlə şagirdin təlim-tərbiyəsində, onların həyatda uğur qazanmasında əməyi, izi olan bir pedaqoq, yaxşı təhsil işçisi olub.

O, işlədiyi müddətdə ədalətli, prinsipial, tələbkar, eyni zamanda qayğıkeş rəhbər kimi tanınmış, gənc müəllimlərin yetişməsində və onlara dəstək göstərilməsində böyük rolu olub. Gülxar müəllimin təhsilə olan sevgisi, peşəsinə sədaqəti, yüksək məsuliyyət hissi, kollektivdə qazandığı hörmət və nüfuz təqaüddə olsa da, onu  gənc nəslə hər vaxt örnək və nümunəyə çevirir.

Gülxar Əliyeva 70 illik yubiley yaşının tamam olması münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin Fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırılıb.

Gülxar müəllimi 70 illik yubiley yaşının tamam olması münasibətilə rayonun təhsil ictimaiyyəti adından təbrik edir, ona möhkəm sağlamlıq və xoş istirahət arzulayırıq.

Təranə Məmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir