Azərbaycan bundan sonra da yeni zirvələr fəth edəcək
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov 15 İyun – Milli Qurtuluş Gününün 34-cü ildönümü münasibətilə rayon sakinlərini təbrik edərək bildirib ki, bu əlamətdar tarix Azərbaycan dövlətçiliyinin xilası, xalqın milli birlik və həmrəylik ətrafında səfərbər olmasının parlaq nümunəsidir. Qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etmiş, sabitlik və inkişafın möhkəm təməlini yaratmışdır. Məhz həmin tarixi dönüş nöqtəsindən sonra Azərbaycan sürətli tərəqqi yoluna qədəm qoymuş, müasir dövlət quruculuğu prosesinə başlanılmışdır.
Təbrikdə vurğulanıb ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizin əldə etdiyi siyasi, iqtisadi və hərbi uğurlar, beynəlxalq nüfuzunun artması, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması Milli Qurtuluş ideyalarının təntənəsinin bariz ifadəsidir. Azərbaycanın qazandığı tarixi Zəfər və işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri dövlətimizin qüdrətini və xalqımızın yenilməz iradəsini bir daha nümayiş etdirir.
Nahid Bağırov qeyd edib ki, İsmayıllı rayonunun sakinləri də ölkəmizin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və milli-mənəvi dəyərlərimizin qorunmasında fəal iştirak edir, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti daim dəstəkləyirlər. Rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər ölkəmizdə hökm sürən sabitliyin və davamlı inkişafın nəticəsidir.
Sonda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı rayon ictimaiyyətinə ən səmimi təbriklərini çatdıraraq hər bir ailəyə möhkəm cansağlığı, firavanlıq, əmin-amanlıq və yeni uğurlar arzulayıb. Bildirib ki, Milli Qurtuluş Gününün işığında formalaşan güclü Azərbaycan bundan sonra da yeni zirvələr fəth edəcək, dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi naminə əzmlə irəliləyəcəkdir.
“İsmayıllı xəbərləri”

