İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun “Son zəng”lə bağlı sosial şəbəkə paylaşımında deyilir:
Əziz məzunlar, hörmətli müəllimlər və valideynlər!
Bu gün ölkəmizin bütün ümumtəhsil məktəblərində “Son zəng” sədaları eşidilir. Bu əlamətdar gün minlərlə gəncin həyatında unudulmaz bir mərhələnin başa çatdığını, yeni arzuların və böyük hədəflərin başlanğıcını müjdələyir.
Məktəb illəri insan ömrünün ən dəyərli və yaddaqalan dövrüdür. Bu illər ərzində qazanılan biliklər, formalaşan dostluq münasibətləri, aşılanan vətənpərvərlik hissi, mənəvi dəyərlər və həyat təcrübəsi gələcək uğurların etibarlı bünövrəsini təşkil edir. Məktəb yalnız elm və təhsil ocağı deyil, həm də şəxsiyyətin formalaşdığı, vətəndaşlıq mövqeyinin möhkəmləndiyi müqəddəs bir məkandır.
Bu gün 11 illik təhsil yolunu uğurla başa vuran məzunlarımız həyatlarının yeni və məsuliyyətli bir mərhələsinə qədəm qoyurlar. İnanıram ki, məktəbdə əldə etdiyiniz bilik və bacarıqlar, müəllimlərinizin zəhməti, valideynlərinizin qayğısı və etimadı sizə gələcək həyatınızda doğru yol göstərəcək, Vətənimizə və xalqımıza layiqli xidmət etməyinizə imkan yaradacaqdır.
Əziz məzunlar!
Siz Azərbaycanın gələcəyisiniz. Qarşıda sizi yeni imkanlar, böyük məqsədlər və mühüm seçimlər gözləyir. Harada olmağınızdan asılı olmayaraq, doğma məktəbinizin, müəllimlərinizin və valideynlərinizin ümidlərini doğruldacağınıza, dövlətimizin və xalqımızın etimadını şərəflə daşıyacağınıza inanıram.
Bu əlamətdar gün münasibətilə bütün məzunları, müəllimləri və valideynləri ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik və yeni nailiyyətlər arzulayıram. Qoy qarşınızda açılan bütün yollar işıqlı, arzularınız əlçatan, gələcəyiniz isə parlaq olsun!
“Son zəng”iniz mübarək! Uğurlarınız bol, yolunuz açıq olsun!

