Vətəndaş məmnunluğu təmin olunur
İsmayıllı rayonunda vətəndaş müraciətlərinin operativ həlli, sakinlərin qayğı və problemlərinin yerində öyrənilməsi məqsədilə rayon rəhbərliyi tərəfindən mütəmadi görüşlər davam etdirilir. Bu çərçivədə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun bir sıra idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirib.
Qəbul zamanı rayon sakinlərinin müraciətləri diqqətlə dinlənilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib, aidiyyəti şəxslərə problemlərə operativ və məsuliyyətlə yanaşılması tapşırılıb.
Görüşdə əsasən sosial müdafiə, məşğulluq, kommunal xidmətlər, infrastruktur və digər sahələrlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin bir qismi yerində araşdırılaraq müvafiq izahatlar verilib, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb və aidiyyəti qurumlara yönləndirilib.
Qəbulun sonunda vətəndaş məmnunluğunun təmin edilməsinin, insanların müraciətlərinə həssaslıqla yanaşılmasının dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Rayon rəhbərliyi sakinlərlə birbaşa təmasların bundan sonra da davam etdiriləcəyini və qaldırılan problemlərin həlli istiqamətində ardıcıl tədbirlərin görüləcəyini bildirib.


