Birbaşa görüşlər davam etdirilir

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən vətəndaş müraciətlərinin operativ həlli, əhalini narahat edən məsələlərin yerində araşdırılması və sakinlərlə birbaşa ünsiyyətin təmin olunması məqsədilə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüş İsmayıllı şəhərində yerləşən keçmiş Yuxarıbaş məhəlləsinin klub binasında baş tutub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, insanların müraciətlərinə həssas yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq rayonun kənd və qəsəbələrində sakinlərlə keçirilən səyyar qəbullar ardıcıl şəkildə davam etdirilir.

Qəbul zamanı şəhər sakinləri və ətraf yaşayış məntəqələrinin nümayəndələri tərəfindən müxtəlif mövzular üzrə müraciətlər səsləndirilib. Vətəndaşların sosial rifahı, məşğulluq, kommunal xidmətlər, infrastrukturun yaxşılaşdırılması, yol təsərrüfatı, su təchizatı, abadlıq işləri və digər məsələlərlə bağlı təklif və müraciətləri diqqətlə dinlənilib. Qaldırılan problemlərin bir qismi yerində araşdırılaraq müvafiq izahatlar verilib, həlli mümkün olan məsələlərin operativ şəkildə aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Əlavə araşdırma və vaxt tələb edən müraciətlər isə nəzarətə götürülərək qeydiyyata alınıb, onların qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi üçün müvafiq göstərişlər verilib.

Görüş zamanı sakinlər yaşadıqları ərazilərdə həyata keçirilən sosial-iqtisadi layihələrə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edib, rayonun inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Eyni zamanda onlar yaşadıqları məhəllə və küçələrdə həlli vacib olan bəzi məsələləri də diqqətə çatdırıblar.

Qeyd olunub ki, səyyar qəbullar dövlət orqanları ilə vətəndaşlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində, insanların problem və qayğılarının yerində öyrənilməsində mühüm rol oynayır. Belə görüşlər sakinlərin müraciətlərinin daha operativ həllinə, yerli problemlərin vaxtında müəyyənləşdirilməsinə və aidiyyəti qurumların fəaliyyətinin daha səmərəli təşkilinə imkan yaradır.

İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlarla birbaşa təmasların genişləndirilməsi, onların müraciət və təkliflərinin diqqətdə saxlanılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyi bildirilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin müsbət həlli və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə zəruri addımlar ardıcıl şəkildə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir