Xalq sənətinin sədaqətli xidmətçisi

Dağlıq Şirvan bölgəsinin zəngin aşıq sənəti ənənələrinin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında növbəti yaddaqalan mədəniyyət hadisəsi baş tutub. Şirvan aşıq mühitinin tanınmış nümayəndələrindən, saz-söz sənətinin sevilən yaradıcılarından olan Aşıq Elman Mehdiyevin 60 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yubiley tədbirində Milli Məclisin deputatı Novruzəli Aslanov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, mədəniyyət işçiləri, aşıq sənətinin davamçıları və çoxsaylı saz-söz həvəskarları iştirak ediblər.

Tədbirdə çıxış edənlər Aşıq Elman Mehdiyevin uzun illər ərzində Azərbaycan aşıq sənətinin inkişafı və təbliği istiqamətində gördüyü işlərdən bəhs edərək onun yaradıcılığının Şirvan aşıq məktəbinin zəngin ənənələri üzərində formalaşdığını vurğulayıblar. Qeyd olunub ki, yubilyarın ifasında səslənən aşıq havaları, dastan parçaları və poetik nümunələr milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və geniş auditoriyaya çatdırılmasına mühüm töhfələr verib.

Çıxışlarda Azərbaycan aşıq sənətinin xalqımızın mədəni irsində xüsusi yer tutduğu, bu sənətin daşıyıcılarının fəaliyyətinə göstərilən diqqət və qayğının dövlətin mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb. Bildirilib ki, belə yubiley tədbirləri sənət adamlarına ehtiramın ifadəsi olmaqla yanaşı, gənc nəslin milli-mədəni dəyərlərə bağlı ruhda tərbiyə olunmasına da xidmət edir.

Yubilyar göstərilən diqqət və ehtirama görə təşkilatçılara, tədbir iştirakçılarına və sənətsevərlərə minnətdarlığını bildirib, ömrünün bundan sonrakı dövründə də xalq sənətinə sədaqətlə xidmət edəcəyini qeyd edib.

Tədbirin bədii hissəsi iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb. Aşıq Elman Mehdiyevin sənət dostları və həmkarları tərəfindən təqdim olunan oynaq və həzin saz havaları, xalq mahnıları və musiqi nömrələri tədbirə xüsusi rəng qatıb. İfa olunan musiqi nümunələri milli musiqimizin zənginliyini bir daha nümayiş etdirərək iştirakçılarda xoş təəssüratlar yaradıb.

Səmimi və yüksək əhvali-ruhiyyə şəraitində keçən yubiley mərasimi Şirvan aşıq mühitinin yaşadılmasına, saz-söz sənətinin təbliğinə verilən dəyərin bariz nümunəsi kimi yadda qalıb. Tədbir iştirakçıları belə görüşlərin milli mədəniyyətimizin inkişafına xidmət etdiyini vurğulayaraq yubilyara yeni yaradıcılıq uğurları və uzun ömür arzulayıblar.

Yubilyar tədbir iştirakçılarının bir qrupu ilə xatirə şəkli çəkdirib.

E.Əlişova

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir