Milli Qurtuluşdan başlanan siyasi kurs uğurla davam etdirilir
12 iyun 2026-cı il tarixində İsmayıllıda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan inkişafa” adlı tədbir keçirilib. İsmayıllı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının birgə təşəbbüsü ilə təşkil olunan tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər, şəhid ailələrinin nümayəndələri, gənc ictimai fəallar, təbliğatçı müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Milli Qurtuluş Gününün ölkəmizin müasir tarixindəki müstəsna əhəmiyyətindən bəhs olunub.
Çıxış edənlər qeyd ediblər ki, 1993-cü ilin iyun hadisələri zamanı xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq və vətəndaş qarşıdurması təhlükəsindən xilas edərək ölkədə siyasi sabitliyin bərqərar olunmasına nail olub. Bildirilib ki, həmin dövrdən etibarən Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik dövlət quruculuğu, iqtisadi inkişaf və beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm addımlar atılıb.
Vurğulanıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətli inkişaf yolunda inamla irəliləyir, əldə olunan uğurların əsasında isə məhz Milli Qurtuluşdan başlanan siyasi kurs dayanır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması da bu uğurlu dövlətçilik siyasətinin mühüm nəticələrindən biri kimi qiymətləndirilib.
Tədbirdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi xüsusi qeyd olunub. Çıxışçılar Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğunu vurğulayaraq bu əlamətdar günün hər il böyük ehtiramla qeyd edilməsinin əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar. Qaliblər göstərilən diqqətə görə təşəkkürlərini bildirərək gələcəkdə də belə maarifləndirici və vətənpərvərlik ruhlu layihələrdə fəal iştirak edəcəklərini qeyd ediblər.
“İsmayıllı xəbərləri”

