Hamı onun qəhrəmanlığından danışıb
İyunun 12-si Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Ruslan Fuad oğlu Tağıyevin anadan olduğu gün valideynlərinin çalışdıqları əmək kollektivləri, xatirəsini əziz tutanların bir qrupu ilə birgə qeyd olunub. Xalqımız üçün müqəddəs olan 44 rəqəmi həmin gün onun anadan olduğu ildönümünün göstəricisi olub.
2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Ruslan Tağıyev, sağlığında qüsursuz xidmətinə görə müxtəlif medallarla təltif edilib. Şəhadətindən sonra isə Prezident İlham Əliyevin sərəncamları ilə “İgidliyə görə”, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medallarına və “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Şəhidin anası Lətifə Tağıyeva İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya şöbəsində tibb bacısı kimi çalışır. Övladının doğum günündə onu tək qoymayan iş yoldaşları xatirə tədbirində bir araya gəliblər.
Ruslan Tağıyevin böyüdüyü binanın önündə, adını daşıyan xatirə bulağının ətrafında İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, xəstəxana rəhbərliyi, kollektiv və rayon ictimaiyyəti şəhidin əziz xatirəsini yad ediblər.
Tədbirdə çıxış edənlər onun qəhrəmanlığından danışıb, ailəsinə, yaxınlarına səbir diləyiblər.
Tədbirin davamı olaraq Uşaq Gənclər İnkişaf Mərkəzində məktəblilər tərəfindən şəhidin xatirəsinə bədii kompozisiya nümayiş olunub.
Leyla Əliyeva

