Qarşıya qoyulan hədəflər vaxtında və uğurla yerinə yetirilməlidir
İsmayıllı rayonunda aqrar sahənin inkişafı, kənd təsərrüfatında məhsuldarlığın artırılması və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə geniş tərkibli görüş keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, aidiyyəti qurumların nümayəndələri və kənd təsərrüfatı ilə məşğul olan sakinlər iştirak ediblər.
Görüşdə rayonun kənd təsərrüfatı potensialından daha səmərəli istifadə olunması, əkin sahələrinin genişləndirilməsi, müasir aqrotexniki üsulların tətbiqi, suvarma və digər infrastruktur məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Çıxış edənlər kənd təsərrüfatının rayon iqtisadiyyatında mühüm yer tutduğunu vurğulayaraq bu sahənin inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarının əhəmiyyətindən danışıblar.
Tədbirdə mövsümi kənd təsərrüfatı işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin vacibliyi diqqətə çatdırılıb. Xüsusilə taxıl biçini, yem tədarükü, bağçılıq və tərəvəzçilik sahələrində görüləcək işlər, həmçinin məhsul itkisinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Fermerlərə aqrotexniki qaydalara əməl etmələri, mövcud dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə etmələri tövsiyə olunub.
Sonda qeyd olunub ki, ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd əhalisinin məşğulluğunun artırılması istiqamətində mühüm vəzifələr müəyyən edilib. Bu vəzifələrin icrası məqsədilə rayon üzrə aidiyyəti qurumlar və təsərrüfat subyektləri arasında əməkdaşlığın daha da gücləndirilməsi, qarşıya qoyulan hədəflərin vaxtında və uğurla yerinə yetirilməsi üçün zəruri tədbirlərin davam etdirilməsi vacib hesab olunub.
“İsmayıllı xəbərləri”


