Fəal mövqeyi, ünsiyyət bacarığı, intellektual hazırlığı ilə fərqlənir

Gənclərin şəxsi inkişafına, ictimai fəallığının artırılmasına və liderlik bacarıqlarının formalaşmasına xidmət edən layihələrdə uğurla təmsil olunmaları təhsil müəssisələrimizin ən böyük nailiyyətlərindən biridir. Bu baxımdan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbəsi Şükufə Namazovanın əldə etdiyi növbəti uğur kollektivimiz tərəfindən böyük məmnunluq və qürur hissi ilə qarşılanıb.

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 1-5 iyun tarixlərində Göygöl şəhərində keçirilən “Yay Məktəbi”ndə fəal iştirak edən Şükufə Namazova düşərgə müddətində təşkil olunan təlim və fəaliyyətlərdə aktiv mövqeyi ilə seçilib. Tələbəmiz müxtəlif mövzularda keçirilən təlimlərdə, seminar və görüşlərdə iştirak edərək yüksək maraq və təşəbbüskarlıq nümayiş etdirib, bilik və bacarıqlarını daha da inkişaf etdirmək imkanı qazanıb.

Fəal mövqeyi, ünsiyyət bacarığı və intellektual hazırlığı ilə fərqlənən Şükufə Namazova proqram iştirakçıları arasında seçilərək düşərgənin sonunda xüsusi sertifikatla təltif olunub. Bu uğur onun şəxsi nailiyyəti olmaqla yanaşı, kollecin tələbələrinin potensialının və ictimai fəallığının da göstəricisidir.

Kollektivimiz adından Şükufə Namazovanı bu uğuru münasibətilə ürəkdən təbrik edir, ona gələcək təhsilində, ictimai fəaliyyətində və həyatının bütün mərhələlərində yeni-yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, o, qazandığı bilik və təcrübədən səmərəli istifadə edərək gələcəkdə də kollecin adını layiqincə təmsil edəcək və uğurları ilə bizi sevindirəcəkdir.

E.Ağayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir