Şəhid adından güc alan uğurlu məzunlar

 

Məktəb həyatı insan ömrünün ən unudulmaz səhifələrindən biridir. Bu il İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 11 “A” sinfi həmin səhifəni uğurla tamamlayaraq məzun adını qazanıb. Bu sinfi digərlərindən fərqləndirən yalnız yüksək təhsil göstəriciləri deyil, həm də sahib olduqları mənəvi dəyərlərdir.

11 “A” sinfi məktəbimizin məzunu, Vətən müharibəsi şəhidi Osmanlı Teymur Saday oğlunun adını daşıyır. “Tərəqqi” medallı Azərbaycan dili və ədəbiyyatı müəllim Bahar Abdullayeva şəhid məzunumuzun, həm də hazırkı buraxılış  sinfinin rəhbəri olub. 11 “A” sinfi  həmişə  bu müqəddəs adı şərəflə daşıyaraq, şəhidimizin xatirəsini əziz tutaraq, hər il şəhidin doğum və anım günlərində keçirilən tədbirlərdə iştirak edib, məzarını ziyarət edib, qəhrəmanlıq yolunu öyrənərək gələcək nəsillərə örnək olmağa çalışıb.

Sinfin təhsil göstəriciləri də qürurvericidir. Təmayül sinfində təhsil alan 20 nəfər şagirddən 18-i buraxılış imtahanında 200-dən yuxarı nəticə göstərib. Bu uğur şagirdlərin zəhmətinin, müəllimlərin əməyi və valideynlərin dəstəyinin bəhrəsi olmaqla bərabər şəhidin ruhuna olan ehtiramın göstəricisidir.

Son zəng mərasimi isə hər kəs üçün duyğulu anlarla yadda qaldı. Tədbirə  şəhid Osmanlı Teymurun anası Rəmziyyə xanım  və qardaşı Samir də dəvət olunmuşdu. 11 “A” sinfinin təqdimatında şəhidimizin həyat yolu və qəhrəmanlığı yad edildi, daima xatirəsinin əziz tutulacağı vurğulandı.

Mərasimin ən təsirli anlarından biri şagirdlərin sinif adından şəhid anasına Təşəkkürnamə təqdim etməsi oldu. Bu təkcə minnətdarlıq ifadəsi deyil, həm də bir nəslin şəhid ailəsinə göstərdiyi hörmət və ehtiramın nümunəsi idi. Tədbirin sonunda məzunlar qəhrəman şəhidimizin  anası ilə xatirə şəkli çəkdirərək  səmimi şəkildə vidalaşdılar.

Bu gün 11 “A” sinfinin şagirdləri məktəbdən ayrılsalar da, onların qazandıqları biliklər, əldə etdikləri uğurlar və mənimsədikləri mənəvi dəyərlər həyat yollarında daim onlara bələdçi olacaqdır. İnanırıq ki, bu gənclər gələcəkdə ölkəmizin layiqli vətəndaşları kimi cəmiyyətimizə töhfələr verəcək, şəhidimizin adını və məktəblərinin şərəfini hər zaman uca tutacaqlar.

Məzunlarımıza uğurlar, açıq yollar və işıqlı gələcək arzulayırıq!

Şahməmməd Soltanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir