Unutsaq unudularıq
Məndədir, səndədir müəllim ömrü.
Musa Yaqub
İsmayıllı təhsilinin bugünkü uğurlarının şahidi olduqca keçmişə nəzər salmaq, ayrı-ayrı sahələrin rəhbərlərinin xidmətlərini bu günə gətirmək vacibliyi yaranır. Köhnə kişilərin yeni nəsillərə tanıdılmasına həmişə ehtiyac görmüşəm. İlk olaraq uzun illər bölgəmizdə məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri işləmiş Həsənov İsrail Aslan oğlunun xidmətləri barədə informativ yazını diqqətə çatdırmaq istərdim.
Keçən əsrin 50-60-cı illərində İsrayıl Həsənov çoxsaylı nəsillərə ömründən mənəvi pay verib. Ona görə də Musa Yaqubun “Müəllim” şeirindən bir misranı yazıma başlıq kimi seçmişəm.
Müəllim haqqında çoxsaylı şeirlər, poemalar, nəsr əsərləri yazılıb. Mən Süleyman Rüstəmin şeirindən bir bənd pedaqoji elmlər namizədi, müəllimlər müəllimi olmuş İsrayıl Həsənovun şərəfli ünvanına gətirmək istərdim:
Müəllimlik müqəddəs bir sənətdir həyatda,
Müəllimin hər sözü həqiqətdir həyatda.
Yanımda bir müəllim adı çəkilən zaman
Bir məktəbli uşaqtək tez qalxıram ayağa.
İsrayıl müəllim məhz belə nüfuzlu, qayğıkeş, ədalətli, məsulliyətli ziyalı, məktəb direktoru, rayon xalq maarif şöbəsinin( indiki təhsil şöbəsi) müdiri idi.
Zamanın təhsil fədailərindən biri olan İsrayıl Həsənovu nə vaxtdan tanımışam? 1972-ci ildə pedaqoji institutun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdim. Rektorluq komsomol işində qalmağıma razılıq vermişdir. Sonradan biləndə ki sabiq rektor Şövqi Ağayevin yerlisiyəm, təyinat yerinə getməyimi tələb etdi. 14 yaşında tərk etdiyim İsmayıllıya 14 ildən sonra müəllim ixtisası ilə yenidən qayıtdım. Oktyabr ayının 17-si idi. Dərslər bölünmüş, tarifləşmədən keçmişdi. Buna baxmayaraq, hörmətli müəllimlər müəllimi bir oklad dərslə məni Diyallı məktəbinə ixtisasım üzrə müəllim göndərdi. Nəzərə aldı ki, ev problemim olmayacaq, çünki dostum Zabit müəllimin qardaşı Cavad müəllim Diyallıda yaşayır və işləyirdi.
Kənd mühitində elə bir inkişaf görmürdüm. Bu səbəbdən də çalışırdım ki, şəhər məktəbinə dəyişilim. Növbəti dərs ilində bu arzuma çatdım. Şəhər 3 nömrəli orta məktəbinin direktoru Hacalı Ramazanovun razılığı ilə müdir məni Diyallıdan 3 nömrəli orta məktəbə göndərdi. Əlbəttə, yalnız təhsilin, maarif işinin inkişafı baxımından ədəbiyyat və Azərbaycan dilinin tədrisinə gətirəcəyim yeniliklərə əsaslanaraq. Həmin ilin qış fəslində Azərbaycan Respublikasının Maarif Nazirliyi İsmayıllı Rayon Xalq Maarif Şöbəsi ilə birgə “Fənlərin tədrisində əyanilikdən istifadə yolları”na həsr olunmuş elmi-praktik konfrans keçirdi. Riyaziyyat ixtisaslı olmasına baxmayaraq əksər mövzular üzrə mövzuları müdir özü müəyyənləşdirirdi. Mənə verilən mövzu belə adlanırdı: “Feli sifətin tədrisində əyanilikdən istifadə yolları”. Gənc olmağıma baxmayaraq, əlaçı diplomumu əsas götürüb mövzunu mənə etibar etmişdi. Həm də hansı təcrübəli müəllimlə fikir mübadiləsi aparmağı özü müəyyən etmişdi. Yekunda ağsaqqal, uğurlara sevinən, yaxşılığı hamıdan yaxşı görməyi bacaran müdirimiz təqdimatımdan razı qalmışdı. Gənc müəllim üçün bu razılıq səmərəli fəaliyyət üçün stimul idi.
Bir rəhbər kimi qayğıkeşliklə tələbkarlıq İsrayıl müəllimin fəaliyyətində vəhdətdə idi. Özü fəaliyyətdə də, həyatda da, davranışda və idarəçilikdə də intizamlı idi. Bunu hamıdan da tələb edirdi və tələblərinin qəbul olunmasına, icra edilməsinə nail olurdu.
“İsrayıl müəllim deyib”, “İsrayıl müəllim tapşırıb” ifadələri çox işlənirdi. İsrayıl müəllimin təhsilə rəhbərliyinin bütün istiqamətləri çox səmərəli, Respublika səviyyəsində təqdir olunan səviyyədə idi. Xüsusilə direktor seçimində hökm sürən obyektivlik təhsilin idarə olunmasında yüksək nəticələr verirdi. Bir neçə dəfə imtahan verən, müsahibədən keçən indiki direktorlardan bilavasitə maarif şöbə müdirinin seçdiyi o zamankı direktorlar idarəetmədə çox fərqlənirdilər. Bu sırada tanıdığım çoxlarının adını çəkə bilərəm. Hacalı Ramazanovu, Ənisə Axundovanı, Xurşud Babayevanı, İbrahimxəlil Nəbiyevi, Hacıbaba Orucovu, Dəmir Nəzirovu, Əli Cəfərovu, Əhməd Əhmədovu, İsay Şamayevi, Şahlar Söyziyevi, Xanlar Bağıyevi, Əsail Ağayevi, Vahab Cəbrayılovu, Bəhrəm Məsumovu, İdris Əzizovu, Məmmədəli Mirzəyevi, Hacı Hidayətovu, Allahverən Məhərrəmovu, Şükür Rəhimovu məhz İsrayıl Həsənov məktəb direktoru kimi yetişdirmiş, idarəetmə bacarığına yiyələndirmiş, sonra isə vəzifəyə təyin etmişdi. Təbii ki, nazirliyin razılığından sonra. Belə yanaşmanın nəticəsidir ki, İsmayıllıda gərəkli təhsil ənənələri yaradılmış, formalaşdırılmışdı. Təhsil ənənələrinin davam etdiyi İsmayıllıda şagirdlər Dağlıq Şirvan Regionunda hər il fərqli nəticələr qazanırlar.
İsrayıl müəllimin insanlıq, valideynlik, rəhbərlik keyfiyyətlərindən daha geniş yazmaq, danışmaq olar. Onun nitqi də, çıxışları da, etik qaydalara əsaslanan münasibətləri də, məsləhətləri də, şəxsi intizamı da, məsuliyyət hissi də tərbiyəedici xarakter daşıyırdı, nümunə idi. Layiqli övladlar yetişdirməklə, onların hamısının təhsil almasına, nümunəvi ailə qurmalarına imkanlar yaratmaqla cəmiyyətimizə töhfələr vermiş olub. Müəllimin nəvələrinin bəzilərini də yaxından tanıyıram. Ölkəmiz üçün çox dəyərli mütəxəssisdirlər. Professional fəaliyyətlərində dövlət siyasətinin önündə getməyi bacarırlar. Oğlu Rəhim Həsənov Respublikada tanınmış onkoloq idi. Neçə-neçə soydaşımızı həyata qaytarmışdı.
İsrayıl müəllimin təhsil sahəsinə rəhbərlikdə qazandığı uğurların əsasını praktika ilə nəzəriyyəni birləşdirə bilmək bacarığı təşkil edirdi. 60-cı illərdə əmək təliminə çox böyük üstünlük verilirdi. İ.Həsənov da bu prosesin fəal iştirakçılarından olaraq Azərbaycan Respubliksının Maarif Naziri Mehdi Mehdizadənin elmi rəhbərliyi ilə mövzu götürüb işlədi və pedaqoji elmlər namizədi alimlik dərəcəsini aldı. Onu tanıyan hər bir kəs bu gün İsrail müəllimi əməkdar müəllim və alim kimi xatırlayır. Vaxtilə direktor olduğu 1 nömrəli tam ümumi orta məktəb İsrayıl Həsənovun adını daşıyır. Mən İsmayıllı şəhər sovetinin sədri olanda kürəkəni Ramiz Ağayevin təşəbbüsü ilə yaşadığı küçənin İsrayıl Həsənovun adına verilməsini qərarlaşdırdıq. Yeni lövhələr doktor Ramiz Ağayevlə birgə aid yerlərə vuruldu.
Qeyd olunanlarla yanaşı İsrayıl Həsənov Əməkdar müəllim fəxri adına, yaşadığı zamanın orden və medallarına layiq görülüb. Aldıqları öz yerində, rayonumuza, Azərbaycan təhsilinə verdikləri daha çoxdur. Bu gün də onlardan bəhrələnilir.
Sonda bir məsələni də qeyd etməyi vacib sayıram. 1977-ci ildə rayon partiya komitəsi tərəfindən İsrail Həsənova ədalətsizlik, haqsızlıq göstərildi. Düzgün olmayaraq işdən azad etdilər. Bir il yeddi ay müdirin vəzifələrini inspektor Əzim Quliyev icra etdi. Sonra mən rayon xalq maarif şöbəsinə müdir gəldim. İlk işim o oldu ki, böyük həmkarımın təkidlə pedaqoji sahəyə qaytarılmasına nail oldum. Raykomun birinci katibinə dedim: – “Yoldaş filankəsov, İsrayıl müəllimin işsiz qalması gənclərin tərbiyəsinə mənfi təsir göstərir”. Təəccübləndiyini görüb davam etdim: “Gənclər görürlər ki, uzun illər dövlətə, xalqa xidmət etmiş, can qoymuş bir insan bu gün bekardırsa, bəs bizə münasibət necə olacaq”. Katib fikrə gedib dedi: – Düz deyirsən, müəllim işləməlidir. Bəs harada işləyə bilər?” Mən başqa məktəbi təklif etdim, o isə qiyabi orta məktəbi məsləhət bildi. Hamının hörmət bəslədiyi, ehtiram göstərdiyi İsrayıl müəllim bir neçə il qiyabi orta məktəbdə işlədi. Həmin nüfuzla, həmin şəxsiyyət ucalığı və həmin hörmətlə. Mən də bu yazını yazmaqla yaxından tanıdığım, qayğısını gördüyüm, hər işdə nümunə götürüyüm İsrayıl müəllimə hörmət və ehtiramımı bildirir, bu dünyada qazandığı rəhməti o dünyasına çatdırıram. Allah rəhmət eləsin. Nurlu siması nur içində uyusun.
Valeh Salehov,
Dövlət qulluğu və təhsil veteranı


