Şəhərsalma insanların gündəlik həyatında
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təşkilatçılığı ilə 4 iyun 2026-cı il tarixində İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseyində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Bizim bölgə” adlı interaktiv tədbir keçirilib.
Tədbirdə İsmayıllı UADM-in direktoru Lətifə Əliyeva, sosial iş üzrə mütəxəssis-psixoloq Aytən Qubadova, sosial pedaqoq Rəsul Rəhimli, vaxtilə rayonun tikinti idarələrinin müdiri, baş memarı vəzifələrini icra etmiş Aslan Aslanov, məktəbin müəllimləri və 60-a yaxın şagird iştirak edib.
Tədbirin məqsədi məktəblilərin yaşadıqları bölgələri daha yaxından tanımalarına, şəhərsalma və memarlıq sahələrinə maraqlarının artırılmasına, eləcə də yaradıcı düşüncə və komanda işi bacarıqlarının inkişafına dəstək vermək olub.
Tədbirdə Mərkəzin direktoru Lətifə Əliyeva giriş sözü ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin memarlıq irsinin təbliği, milli ənənələrin yaşadılması və bu sahədə innovativ yanaşmaların təşviqinə xidmət edir. Eyni zamanda, paytaxt və regionların tarazlı inkişafı, dayanıqlı məskunlaşma və müasir şəhərsalma prinsiplərinin tətbiqi dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən edilib.
Daha sonra mərkəzin sosial iş üzrə mütəxəssis-psixoloqu Aytən Qubadova tədbir boyunca “Bizim bölgə” adlı slayd əsasında şagirdlərə İsmayıllı rayonunun tarixi keçmişi, zəngin mədəni irsi, parkları, kəndləri və tarixi qalaları haqqında ətraflı məlumat verib.
Rayonun təcrübəli inşaatçılarından olan Aslan Aslanov İsmayıllının qədim tarixi, zəngin mədəni irsi və memarlıq abidələri haqqında ətraflı məlumat verib. O, rayonun inkişaf mərhələləri, tarixi-mədəni dəyərlərinin qorunmasının əhəmiyyəti və memarlıq irsinin gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlər barədə fikirlərini bölüşüb.
Tədbir çərçivəsində təşkil olunan interaktiv tapşırıqlar, maarifləndirici təqdimatlar və müzakirələr məktəblilər tərəfindən böyük maraqla qarşılanıb. Şagirdlər komandalara bölünərək İsmayıllı rayonunun tarixi, coğrafi mövqeyi, tanınmış bölgələri və kəndləri ilə bağlı müxtəlif mövzularda hazırlanmış sualları cavablandırıblar. Eyni zamanda onlar şəhərsalmanın insanların gündəlik həyatında oynadığı mühüm rol haqqında yeni biliklər əldə edib, öz ideyalarını təqdim etmək və komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
R.Rəhimli

