Müzakirə maraqla qarşılandı
İsmayıllı şəhər Həsənov adına 1 saylı tam orta məktəb nəzdində fəaliyyət göstərən Book Club-un növbəti görüşü keçirildi. Tədbirdə dünya miqyasında milyonlarla oxucunun həyatına təsir göstərən Atomic Habits kitabının müzakirəsi təşkil olundu.
Tədbirin əsas təqdimatçısı məktəbin 10 “R” sinif şagirdi Çimnaz Hüseynli oldu. Kitab oxumağı həyat tərzinə çevirən və hər ay ən azı bir kitabı tamamlamagı özünə məqsəd qoyan Çimnaz, kitabın əsas ideyalarını iştirakçılarla bölüşərək maraqlı təqdimat etdi.
Müzakirə zamanı vurğulandı ki, insan həyatında baş verən böyük uğurların təməlində çox vaxt kiçik, lakin davamlı dəyişikliklər dayanır. Çimnaz Hüseynli kitabın əsas mesajını belə ifadə etdi: “Hər gün cəmi 1 faiz yaxşılaşmaq, ilin sonunda insanı gözlənilməz dərəcədə böyük nəticələrə aparır”.
Tədbirdə qonaq qismində iştirak edən İsmayıllı şəhər 3 nömrəli tam orta məktəb, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəb və İsmayıllı şəhər 6 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri müzakirələrdə fəal iştirak edərək kitab haqqında öz fikirlərini səsləndirdilər. İştirakçılar bu cür intellektual müzakirələrin şagirdlərin mütaliə vərdişlərinin formalaşmasına, tənqidi düşüncə bacarıqlarının inkişafına və fərdi inkişaflarına mühüm töhfə verdiyini qeyd etdilər.
Səmimi və məhsuldar mühitdə keçən görüşün sonunda belə maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulandı. Kitabsevərlər növbəti görüş üçün də yeni bir əsər seçərək müzakirə ənənəsini davam etdirmək qərarına gəldilər.
Book Club-un növbəti müzakirə mövzusu kimi “The Power of the Mind” kitabı müəyyənləşdirildi. İştirakçılar artıq növbəti görüşü səbirsizliklə gözlədiklərini bildirərək yeni bilik və ideyalar əldə etmək üçün oxu marafonuna başladıqlarını qeyd etdilər.
Tədbirin təşkilatçısı, İ.Həsənov adına 1 nömrəli tam orta məktəbinin müəllimi Aytəkin Əhmədova bildirib ki, Book Club-un əsas məqsədi şagirdlərdə mütaliə mədəniyyətini gücləndirmək, onları düşünməyə, araşdırmağa və öyrəndiklərini həyatlarında tətbiq etməyə təşviq etməkdir.
A.Əhmədova

