Daşkənddə Azərbaycan və Özbəkistan ədəbi-mədəni əlaqələrinə həsr olunmuş nəşrlərin təqdimatı keçirilib

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin inkişafına həsr olunmuş nəşrlərin təqdimat mərasimi keçirilib.
Tədbirdə tanınmış publisist, “Xalq qəzeti”nin Türküstan üzrə xüsusi müxbiri Qulu Kəngərlinin tərtib etdiyi “Qəlbimiz bir döyünür” almanaxı, “Ədəbi və əbədi körpü” kitabı, həmçinin müəllifi olduğu “Keçmiş unudulmayanda tarixə dönür” və “İki xalqın oğlu: Firudin Səfərov” kitabları təqdim olunub.
“Qəlbimiz bir döyünür” almanaxının və “Ədəbi və əbədi körpü” kitabının layihə müəllifi və tərcüməçisi İsmayıllıda yaşayan tanınmış şair və tərcüməçi Şahməmməd Dağlaroğludur.
Mərasimi giriş sözü ilə açan Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycan və Özbəkistan xalqları arasında dostluq, qardaşlıq və mənəvi yaxınlığın dərin tarixi köklərə əsaslandığını bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi və xüsusi diqqəti nəticəsində iki ölkə arasında strateji tərəfdaşlıq, o cümlədən mədəni-humanitar əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir. Bu kontekstdə təqdim olunan nəşrlərin Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin sistemli şəkildə araşdırılması, ortaq tarixi yaddaşın qorunması, eləcə də iki qardaş xalqın söz, sənət və mədəniyyət xadimlərinin geniş oxucu auditoriyasına tanıdılması baxımından mühüm elmi-publisistik dəyər daşıdığı vurğulanıb.
Tədbirdə çıxış edən Özbəkistanın ədəbi ictimaiyyətinin nümayəndələri Nurxan Əlimirzəyeva və Mənzurə Bəxtiyor təqdim olunan nəşrlərin Azərbaycan və Özbəkistan arasında ədəbi-mədəni münasibətlərin zəngin məzmununu əks etdirdiyini bildiriblər. Çıxışlarda bu nəşrlərin yalnız ədəbi hadisə deyil, həm də Azərbaycan-Özbəkistan dostluğunu, mənəvi yaxınlığını və humanitar əməkdaşlığını gücləndirən mühüm mədəni töhfə olduğu qeyd olunub.
“Qəlbimiz bir döyünür” almanaxı və “Ədəbi və əbədi körpü” kitabının tərtibçisi Qulu Kəngərli Şahməmməd Dağlaroğlu ilə yaradıcılıq əlaqələrindən danışaraq bildirib ki, şair və tərcüməçinin özbək poeziyası ilə bağlı indiyədək 11 kitabı nəşr olunub.
“Keçmiş unudulmayanda tarixə dönür” və “İki xalqın oğlu: Firudin Səfərov” kitablarının müəllifi Qulu Kəngərli çıxışında nəşrlərin ərsəyə gəlməsi prosesindən danışaraq qeyd edib ki, uzun illərin müşahidələri, araşdırmaları və ədəbi əlaqələrə olan dərin maraq nəticəsində hazırlanan bu nəşrlər iki qardaş xalq arasında söz və sənət körpüsünü daha da möhkəmləndirməyə xidmət edir. O vurğulayıb ki, təqdim olunan kitablar gələcək nəsillər üçün Azərbaycan-Özbəkistan ədəbi-mədəni münasibətlərinin öyrənilməsində dəyərli mənbə kimi xüsusi əhəmiyyət daşıyır.
Qeyd olunub ki, “Qəlbimiz bir döyünür” almanaxında müasir özbək ədəbiyyatının 36 nümayəndəsinin Azərbaycan dilinə tərcümə edilmiş şeirləri, “Ədəbi və əbədi körpü” antologiyasında isə 11 Azərbaycan və 11 özbək şairinin poetik nümunələri yer alıb. “Keçmiş unudulmayanda tarixə dönür” kitabında taleyi Türküstanla bağlı olan azərbaycanlıların həyat yoluna nəzər salınıb, “İki xalqın oğlu: Firudin Səfərov” nəşri isə görkəmli opera rejissoru, Azərbaycanın və Özbəkistanın Xalq artisti Firudin Səfərovun yaradıcılığına həsr edilib.
Ümumilikdə, təqdim olunan nəşrlərin Azərbaycan və Özbəkistan arasında ədəbi əlaqələrin genişlənməsinə, mədəni-humanitar əməkdaşlığın möhkəmlənməsinə və qarşılıqlı yaradıcılıq mübadiləsinin inkişafına mühüm töhfə verdiyi bildirilib.
Məsaim Abdullayev,
“Xalq qəzeti”


