Məktəbinin yekun konserti
İyunun 4-də İsmayıllı şəhər F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin 2024–2025-ci tədris ilinə həsr olunmuş yekun hesabat konserti keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, valideynlər və incəsənətsevərlər iştirak ediblər.
Konsert proqramında məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək peşəkarlıqla ifa edərək il ərzində qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər. Musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Şagirdlərin ifasında səslənən klassik və müasir əsərlər onların yaradıcılıq potensialını, musiqi duyumunu və səhnə mədəniyyətini bir daha ortaya qoyub.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Şəhriyar Soltan məktəbin müəllim kollektivini və şagirdləri uğurlu konsert münasibətilə təbrik ediblər.
Çıxışlarda qeyd olunub ki, uşaq və yeniyetmələrin estetik zövqünün formalaşmasında, milli-mənəvi dəyərlərə bağlı ruhda böyüməsində incəsənət məktəblərinin rolu böyükdür. Natiqlər məktəbin əldə etdiyi uğurları yüksək qiymətləndirərək şagirdlərə gələcək təhsil və yaradıcılıq fəaliyyətlərində yeni nailiyyətlər arzulayıblar.
Bildirilib ki, F.Əzimov adına Uşaq İncəsənət Məktəbi uzun illərdir rayonda musiqi və incəsənət sahəsində istedadlı gənclərin yetişdirilməsində mühüm rol oynayır. Məktəbin məzunları respublika və beynəlxalq müsabiqələrdə uğurla çıxış edərək rayonun mədəni həyatına töhfələr verməyə davam edirlər. Yekun hesabat konserti də bu uğurların növbəti nümayişi kimi yadda qalıb.
Sonda məktəbin direktoru Abbas Abdullayev tədbirin təşkilində əməyi olan hər kəsə, qonaqlara və valideynlərə təşəkkürünü bildirib. O, məktəbin fəaliyyətinə göstərilən diqqət və qayğıya görə aidiyyəti qurumlara minnətdarlığını ifadə edərək, kollektivin bundan sonra da gənc istedadların üzə çıxarılması və inkişafı istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Samir Zülfiyev

