Nəzəri biliklər praktik bacarıqlarla möhkəmləndirilir
Peşəkar kadr hazırlığında nəzəri biliklərlə yanaşı praktik təcrübənin də böyük əhəmiyyəti var. Bu baxımdan müxtəlif müəssisə və təşkilatlarda təşkil olunan istehsalat təcrübələri tələbələrin gələcək fəaliyyətinə mühüm töhfə verir.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin mühasibat uçoti qrupunun 4 tələbəsi – Əminə Məmmədli, Fatimə Əliyeva, Tila Orucəliyeva və Nuranə Musayeva təhsillərini başa vurmaq ərəfəsində istehsalat təcrübəsi keçmək üçün İsmayıllı bələdiyyəsinə göndəriliblər. Təcrübə müddətində tələbələr mühasibat sənədlərinin hazırlanması, maliyyə hesabatlarının aparılması və idarəetmə prosesinin təşkili ilə yaxından tanış olurlar. Bu proses onların nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə şərait yaradır.
Bələdiyyə əməkdaşları tərəfindən tələbələrə lazımi dəstək göstərilir, onlara iş prosesinin incəlikləri izah olunur. Gənclər də öz növbəsində məsuliyyət və fəallıq nümayiş etdirərək verilən tapşırıqları diqqətlə yerinə yetirirlər.
Belə təcrübə proqramları tələbələrin gələcək əmək fəaliyyətinə daha hazırlıqlı şəkildə başlamasına kömək edir, həmçinin ixtisaslı mütəxəssis kimi formalaşmalarında mühüm rol oynayır. Bu cür əməkdaşlıqların gələcəkdə də davam etdirilməsi gənclərin peşəkar inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Ülkər Əsədova,
bələdiyyənin əməkdaşı

