40 ildən sonra görüş

İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli məktəb-liseyində 40 ildən sonra müəllimlər və sinif yoldaşları bir araya gəliblər.
Görüşdə yalnız keçmiş şagirdlər deyil, həm də onlara vaxtilə dərs demiş təqaüdçü müəllimlər də iştirak ediblər.

İllər keçir, saç ağarır, ömür dəyişir, amma müəllim üçün ən böyük sevinclərdən biri şagirdini yenidən görməkdir. İllər əvvəl dərs dediyi uşaqların bu gün həyatın müxtəlif sahələrində öz sözünü deyən insanlar olması müəllim üçün böyük xoşbəxtlikdir.

“Bu partalar, bu lövhə, bu sinif otaqları insana çox şey xatırladır. Dərs dediyimiz uşaqların yenidən məktəbə dönməsi, eyni səmimiyyətlə müəllimini axtarması çox böyük mənəvi dəyərdir. Müəllim üçün qiymət kağız üzərində yazılan bal deyil, illər sonra şagirdin gəlib onu hörmətlə xatırlamasıdır. Bu gün mən bunu gördüm və qürur duydum.

Bu gün burada sadəcə bir görüş keçirilmir, bir dövr yenidən vərəqlənir. Hər bir şagirdin üzündə məktəb illərindən qalan bir iz var. Mən sevinirəm ki, o illərdə verdiyimiz tərbiyə, aşıladığımız dəyərlər bu gün də onların həyatında yaşayır. Bu, müəllim üçün ən böyük təsdiqdir.

Bu gün 40 ildən sonra insanların yenidən bu məktəbə gəlməsi göstərir ki, o münasibət süni olmayıb, səmimi və həqiqi olub. Mən bunu görüb çox sevindim. Demək ki, bu məktəbdə verilən tərbiyə insanın ömrü boyu onunla gedir.”

Bu duyğulu görüş bir daha göstərdi ki, müəllim nuru sönmür, məktəb ocağı soyumur. İllər keçir, nəsillər dəyişir, amma əsl məktəb insanı yenidən özünə qaytarmağı bacarır. 40 ildən sonra baş tutan bu görüş də həmin qayıdışın, mənəvi sədaqətin və müəllim adına göstərilən ehtiramın yaddaqalan ifadəsinə çevrildi.

Qaçay Əzizov,
təqaüdçü müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir