“Dağ çiçəkləri”
Yüzündə
Vaxtsız gəlib qocaldıq,
Boy sarıdan alçaldıq.
Fəqət, dağtək ucaldıq
El gözündə, gözündə!
Ölümdən çəkinmədik,
Meydandan əkilmədik,
Sözümüzü sərt dedik
Cəng səsində, sözündə.
Koroğludan dərs aldıq,
Nəbi xislətdə qaldıq.
Əbədi nağıl olduq
Biz yüzündə, yüzündə.
Mövlud Teymur
Şeirdən xəbərsiz “şair”lərə
Mənim şeir yolum layladan keçib,
Yorulsam, durmuşam bayatılarda.
Nağılı, dastanı oxuyub, seçib,
Atalar sözünə güvəndim darda…
Sən isə… A yazıq… Bu boyla hələ,
Əməlli bilmirsən əlifbanı heç.
Sənə kim yalvarır şairlik elə?
Get, başına layiq başqa bir iş seç.
Bilmirsən heca nə, qafiyə nədir?
Daxili bölgüdən yoxdur xəbərin.
Şairlikdən ötrü ürəyin gedir,
Qəsdinə durmusan qələm-dəftərin.
Şam yansa, nur olur, can yansa, şeir,
Bunca ucuz baxma şeirə, sözə.
Səni pisləmirəm, yox – əsla, xeyir,
Evini səndəki hünərlə bəzə.
Şairlik azarı ağır azardır,
Tutulan sağalar, söz nədir bilsə.
O kəs – söz tapdayan mərdiməzardır,
Əgər şairliyi Haqdan deyilsə.
Yazma… Dünya qopmaz sən yazmayanda,
Mənə baxırsansa, yaxşı bax bir də.
Qüvvə də, qüdrət də sözdür cahanda,
Mən qulam, söz Tanrı olduğu yerdə.
Şahməmməd Dağlaroğlu
Yaz adamıyam
Enib səmalardan gəlir duyğular,
Doğulur könlümdə, söz adamıyam!
Kimdir bu ocağı bəs körükləyən?
Yanıram oduna, köz adamıyam!
Qoluma qol salıb bu illər demə,
Götürüb aparıb çəkdiyim qəmə.
Dəyəndə mizrabım o sarı simə,
,,Yanıq Kərəmi”də, saz adamıyam!
Boşuna yaşadım bu sevdaları,
Çıxıbdır qarşıma qışı, baharı.
Əl açıb Tanrıya, üzü yuxarı,
Səcdəyə oturan, diz adamıyam!
Yurdumun başında çoxdur bəlası,
Bölünmüş Vətəndir ürək parası.
Nə vaxtsa sağalar bu köz yarası,
Tabım-təvanım çox, döz adamıyam!
Dayan, dur ,,bəlkə”yə, ,,daha”ya yazım,
Ucuzdan yan keçib, bahaya yazım.
Arzumu daşlara, qayaya yazım,
Dönüm durnalarla, yaz adamıyam!
Murad Məhərrəm
Aparır
Zövq al, dinsə könül simi,
Bir xoş səhər yeli kimi.
Kim bilir ki, tale kimi
Hansı sonluğa aparır.
Qeybət qılanda dilimiz,
Ayaqdan çəkir əlimiz.
Tariximiz, təməlimiz
Bizi xanlığa aparır.
İdrak etsin insan barı,
Ötəridir dünya varı.
Dünyanın bütün yolları
Qəbristanlığa aparır.
Tərlan Saleh
Olaydı
Talayıb sökürlər qoca dünyanı,
Gələcəyi bilən unsan olaydı.
Hamı bir-biriylə deyib güləydi,
Ruhunda, qəlbində vicdan olaydı.
Qırılmazdı qəlblər acı söz ilə,
Əyrilər öyrənib gedə düz ilə,
Ömürə baxaydı təmiz göz ilə,
Hər könül içində iman olaydı.
Ağıllı dahilər çıxaydı önə,
Nahaqdan alışan alovlar sönə,
Göz yaşı quruyub sevincə dönə,
İnsana ən böyük ünvan olaydı.
Yaşamaq həyatda deyildir əbəs,
Eloğlu qarşına çıxmasın nakəs,
Nifrət toxumunu əkməzdi heç kəs,
Dostların mülkündə bostan olaydı.
Qəhrəman Eloğlu
Bir daha dünya haqqında
Bu göylər, bu yerlər, bu can – Allahın,
Sanma ki, əbədi qalandı dünya.
Yeriyən, dayanan, uçan – Allahın,
Yuxudu, xəyaldı, yalandı dünya.
Sınayar səbrini, bükər belini,
Dağıdar yurdunu, sökər evini,
Qazar məzarını, dikər qəbrini.
Uçurdub, dağıdıb qırandı dünya,
Yuxudu, xəyaldı, yalandı dünya…
Tahir Rəcəb
Ömür məni tələsdirmə.
İllər keçir bu ömürdən,
Könlümüzdür min bir dürdən.
Köz ayrılmır heç kömürdən,
Ömür məni tələsdirmə.
Çəmənlərə meh əsdirmə,
Bənövşədir, tez küsdürmə.
Eşq gülünü gəl kəsdirmə,
Ömür məni tələsdirmə.
Ürəyimin var yiyəsi,
Yarpaq üstə nur jaləsi.
Nəğmə deyir şəlaləsi,
Ömür məni tələsdirmə.
Unutmaram eşq yarasın,
Gündüz kəsin, gecə asın.
İtirmişəm göz qarasın,
Ömür məni tələsdurmə.
Eşq bağında bir bülbüləm,
Səhrasında susuz güləm.
Öcağında yatan küləm,
Ömür məni tələsdirmə.
Qəmxanəyəm, divanəyəm,
Əfsanəyəm, pərvanəyəm.
Ölsəm de ki, bir danəyəm,
Ömür məni tələsdirmə.
Surə Ziyadqızı
Qatıtdım
Çoxdan Qarabağı arzulayırdım
Getdim, cəlalını gördüm qayıtdım.
Gedənlər öyünüb, tərifləyirdi;
Mən gəzdim, kef-damaq sürdüm, qayıtdım.
Biz səhər – obaşdan ötdük Ağdamı,
Tikilir, qurulur – boylandı hamı.
Ağ günə çıxmağa var ehtişamı,
Daha çoxdur deyən: Yurdum, qayıtdım!
Bildik, nədən axı, min bir qəhrəman,
Yolunda çarpışdı belə qoydu can.
Bisə tarix dərsi keçdi Əsgəran,
Bayrağı köksünə sərdim, qayıtdım.
Hərgah, dəyişsə də xeyli camalı,
Zaman gec sağaldır dərdi, məlalı.
Soruşdum, necəsən? Susdu Xocalı,
Qovr etdi qəhərim, dərdim, qayıtdım.
Dolaşdıq Şuşanı, almaq üçün kam,
Salam Üzeyirim! Natəvan salam!
Vaqifə, Bülbülə sevgi, ehtiram,
Ruhuna cazibə gördüm, qayıtdım.
Hər kəsin min fərəh gördüm gözündə
Ümidi çağlayır, sanki, üzündə.
Cavanlar rəqs etdi Cıdır düzündə.
Tər-təzə gül-çiçək dərdim qayıtdım
Feyziyab elədi məni bu görüş
Dedilər tələsmə, Laçına da düş!
İlahi, Qarabağ laləzar imiş,
Mən ona könlümü verdim qayıtdım.
Şahlar Hacıyev
Gətir mənə
Ay mənim çiçək tək solub gedənim,
Qayıt, yanağını al gətir mənə,
Qopar, ulduzları göydən birbəbir,
Yanağın üstündə xal gətir mənə.
Mən, elə o mənəm, elə bu gün də,
Qara saçlarıma şəpilsə dən də,
Küləklər oynasın hörüklərində,
Köklə, tellərini, çal, gətir mənə.
Həmişə duyğulu çağla yaşadım,
Qaralar içində, ağla yaşadım,
Solumu apardın, sağla yaşadım,
Sən Allah, gələndə “sol”gətir mənə.
Qəlbimin köklənmiş, sarı simisən,
Sevinci kimisən, qəmi kimisən,
O qədər sən məni “zəhərlənmisən”,
Dilinə şəkər qat, bal gətir mənə.
Kökləndim, min kaman, min ud içində,
Alısıb yanıram, bu od içində,
Sən də islanırsan, bulud içində,
Yağışı, leysanı bol gətir mənə.
Əqlimlə hissimdən hey qovulan mən,
Qovulan, əriyən, hey ovulan mən,
Bəlkə elə gözündə, “qırqovulam” mən.
“Başı gizlətməyə kol” gətir mənə.
Bilmirəm hardayam, hansı yandayam,
Hələ nəfəsdəyəm, hələ candayam,
Hələ bir ümiddə, bir gümandayam,
Qəlbinə aparan yol gətir mənə!..
Cəbrayıl Hüseyn
Közünü tapdım
Mənim ürəyimin hasarı yoxdur,
Hərə bir tərəfdən taladı, getdi.
Qoruya bilmədim mən ürəyimi,
Hərə bir od vurdu, qaladı getdi!
O ürək, o könül nə çəkmədi ki,
Bu kiçik dünyanın özünə sığam?
Neçə kəs könlümü işğal etdilər,
Dayandım, ölmədim, hələ ki, sağam!
Ocağın eşirəm yanan qəlbimin,
Bəlkə soyumamış külünü tapdım.
Nə yaxşı kül altdan zərrə də olsa,
Eşib ürəyimin közünü tapdım!
Rüstəm Məbudoğlu
Yağır
Ürəyimə yağan yağış,
Gözlərimə dolan nəmdi.
Acıdır qəm olan baxış,
Yağan elə həmin qəmdir.
Ürəyimə yağan yağış,
Həsrət dolu axan çaydı.
Bəlkə ötən ildən qalan,
Nisgil dolu ildi, aydı.
Yağır asta, həzin asta,
Hər damlası haray dolu.
Ürək kədərli bir yasla,
Gözdən açır cığır yolu.
Yağır, ürəyimə yağır,
Dünyanın dərdi nə böyük!
Gözüm baxır fağır-fağır,
Ürək çəkir nəm dolu yük.
Mehriban İbrahimova
Danışmaq
Ac, susuz qalmanın səbəbi olar,
Susuzdan söz açıb, acdan danışmaq.
Ac vaxtda insandan güc tələb edir,
Demək dolu qabdan, sacdan danışmaq.
Baxtı soruşana baxtdan söz açmaq,
Zamandan söyləmək, vaxtdan söz açmaq.
Cibin boş vaxtında taxtdan söz açmaq,
De görüm, olarmı tacdan danışmaq?
Arif sayılasan, olmayıb naşı,
İşlətmiş olasan üstündə başı.
Pis deyil, olardı kələfdə yaxşı,
Uc zənn edib ucu, ucdan danışmaq.
Tamam Nur Tağlabiyanlı
Gəncliyim
Nə qədər yalvardım, dayan, gəncliyim
Sözümə baxmadan atını çapdı.
Mənim sevmədiyim qocalıq qarı
Qara saçlarımı necə tez tapdı.
Quş olub əlimdən uçdu gəncliyim,
Ürəyimdə qaldı bir çox arzular.
Bilmədim hayana, haraya getdi
O gündən tapmadım bir yerdə qərar.
Getdi gənclik çağı, bir də qayıtmaz,
Qəlbimi bir daha heç nə oyatmaz.
Cavanlıq həyatda ən gözəl çağdı,
Gəncliyin gücünə heç qüvvə çatmaz.
Gəncliyim, uşaqlıq qayıda bilsə,
Bir daha yenidən üzümə gülsə,
Sanaram dünyada xoşbəxt bəndəyəm,
Gəncliyim bir daha geriyə dönsə.
Gənclik gözəlliyi düşmür dilimdən
Qocalıq çox şeyi alır əlimdən.
Xuraman həyata bir az qonaqdı,
Ayıracaq məni ölüm elimdən.
Xuraman Baxış

