Fidan hüquqşünas olacaq

İsmayıllı rayonunun Qalacıq kənd tam orta ümumtəhsil məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızı ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərərək, ümumilikdə 686 bal toplayıb. O, III ixtisas qrupu üzrə imtahan verib və gələcəkdə hüquqşünas olmaq istəyir.

Ailənin iki övladından böyüyü olan Fidan təhsildə qazandığı uğurlarla yanaşı, kənd həyatının gündəlik işlərində də fəallıq göstərir. O, dərsdən sonra ev işlərində anasına kömək edir, daha sonra dərslərinə hazırlaşır, boş vaxtlarını isə əsasən kitab oxumağa sərf edir.

Abituriyentin sözlərinə görə, bu uğurun qazanılmasında ailəsinin, xüsusilə də anasının böyük rolu olub. Dərslərə hazırlıq prosesində anası ona daim dəstək göstərib.

Fidanın ən çox maraq göstərdiyi fənn tarixdir. O, 2024-cü ildə tarix fənni üzrə Respublika Fənn Olimpiadasında iştirak edərək I yerə layiq görülüb. Bundan əlavə, rayon səviyyəsində keçirilən bilik yarışlarında iki dəfə I yer, “Zəka mübarizəsi” olimpiadasında isə birinci yer qazanıb.

Onun təhsil aldığı sinifdə 10 şagird olub. Onlardan 5 nəfəri ali məktəblərə qəbul imtahanına hazırlaşıb. Sinif yoldaşlarından biri 481 bal, iki nəfər isə 300 baldan yuxarı nəticə əldə edib.

Fidan bildirir ki, uğurun əldə olunmasında valideynlərimin və müəllimlərimin böyük əməyi var. Mənə göstərdikləri diqqət və qayğı sayəsində bu nəticəni qazandım. Onların zəhmətini heç vaxt unutmayacağam. Ən böyük arzum hüquqşünas olmaq və gələcəkdə cəmiyyətə faydalı bir vətəndaş kimi xidmət etməkdir.

Rafiq Həsənov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir