Apostrofun gücü

Altı hərfdən ibarət olan etibar sözü kiril əlifbası dövründə apostrofla yazılardı. Deyərdim ki, daşıdığı mənanı özündə təcəssüm etdirirdi. İnsanların bir-birinə etibarı vardı. Deyilən söz, verilən vəd, saxlanması vacib olan sirr əgər etibara söykənirdisə, demək narahat olmağa dəyməzdi.

Latın əlifbasına keçəndə apostrof ləğv olundu. Yeni yazılış tərzi sanki etibarın mayasını, özəyini, tutumunu da dəyişdi. Artıq etibar etdiyin adamlardan dönüklük görəndə heyrət də karına gəlmir.

Vaxtilə Azərbaycana gələn Aleksandr Dümanı yanan dənizdən, qayadan çox (neftin boruya alınmadığı vaxtlar idi) insanların bir-birinə etibarı heyrətləndirmişdi. Kişi sözü verilirdisə, ona nə sənəd, nə də möhür gərəkdir, – deyib böyük yazıçı heyranlığını bildirirdi. Görəsən hara qeyb oldu o sözünün ağası olan, etibarlı adamlar. Çox yox, bir saat əvvəl danışdığını insanlara (hər halda hamıya deyil) sübut edə bilmirsən. Sanki bu gün üçün yaşayırıq. Nə dünən olub, nə də sabah olacaq.

Rəfiqə Sadiqova

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir