Evdə kitab oxuyan olsa…    

 

Kitaba sevgisi olan azyaşlı məktəbi də sevəcək. Bu fikir pedaqoji baxımdan tam əsaslıdır. Çünki kitab yalnız uşaq üçün bilik mənbəyi deyil, həm də onun təfəkkürünü, dünyagörüşünü, emosional və mənəvi aləmini formalaşdıran güclü tərbiyə vasitəsidir. Erkən yaşlardan kitabla ünsiyyət quran uşaq məktəb mühitinə daha asan uyğunlaşır, oxumağı məcburiyyət yox, təbii ehtiyac kimi qəbul edir. Bu prosesdə isə valideynlərin rolu həlledicidir.

Hər şey ailə mühitindən başlayır. Uşaq ilk nümunəni valideynlərindən götürür. Evdə kitab oxuyan, mütaliəyə vaxt ayıran valideyn görən uşaq üçün kitab adi və dəyərli bir əşyaya çevrilir. Əksinə, evdə kitabdan çox telefon və televiziya üstünlük təşkil edirsə, uşağın kitaba maraq göstərməsini gözləmək çətindir. Valideynlər öz davranışları ilə oxumağın həyatın təbii bir hissəsi olduğunu göstərməlidirlər.

Uşaqlarda kitaba sevgi aşılamağın ən təsirli yollarından biri onlara yüksək səslə kitab oxumaqdır. Xüsusilə məktəbəqədər dövrdə nağıl və hekayələrin valideyn tərəfindən ifadəli şəkildə oxunması uşağın həm dinləmə bacarığını, həm də təxəyyülünü inkişaf etdirir. Bu zaman kitab uşaq üçün isti və xoş xatirələrlə əlaqələndirilir. Belə emosional bağ sonradan müstəqil oxuya keçidi xeyli asanlaşdırır.

Valideynlər uşağın yaşına və maraqlarına uyğun kitab seçiminə xüsusi diqqət yetirməlidirlər. Məzmunu uşağa ağır, darıxdırıcı və ya anlaşılmaz olan kitablar onda oxuya qarşı mənfi münasibət yarada bilər. Əksinə, rəngli illüstrasiyalı, maraqlı süjetli, uşağın həyatına yaxın mövzulara toxunan kitablar oxu prosesini zövqlü edir. Bu mərhələdə uşağa seçim haqqı vermək də vacibdir, çünki seçdiyi kitabı oxumağa daha həvəsli olur.

Kitab oxuma prosesi məcburiyyətə çevrilməməlidir. “Oxu, yoxsa cəzalanacaqsan” kimi yanaşmalar kitaba sevgi deyil, qorxu yaradır. Valideynlər oxunu təbii, könüllü və həvəsləndirici formada təşkil etməlidirlər. Birlikdə oxumaq, oxunan kitab haqqında söhbət etmək, qəhrəmanların davranışlarını müzakirə etmək uşağın həm düşünmə qabiliyyətini, həm də nitq bacarığını inkişaf etdirir.

Uşağın oxuduğu kitabın gündəlik həyatla əlaqələndirilməsi də mühüm pedaqoji üsuldur. Məsələn, hekayədəki bir davranış nümunəsini real həyatda tətbiq etmək və ya oxunan mövzu ilə bağlı suallar vermək uşağın oxuduğunu dərk etməsinə kömək edir. Bu zaman uşaq kitabın yalnız kağız üzərində qalmadığını, həyatla sıx bağlı olduğunu anlayır.

Valideynlər mütəmadi olaraq uşaqları kitab mağazalarına, kitabxanalara aparmalı, kitab bayramları və oxu tədbirlərində iştirak etmələrinə şərait yaratmalıdırlar. Belə mühitlərdə uşaq oxuyan digər uşaqları görür və oxumağın sosial dəyər daşıdığını hiss edir. Bu da onda oxuya qarşı əlavə motivasiya yaradır.

Uşaqlarda kitaba sevgi təsadüfi yaranmır, məqsədyönlü və ardıcıl tərbiyə nəticəsində formalaşır. Valideynin şəxsi nümunəsi, düzgün kitab seçimi, müsbət emosional mühit və məcburiyyətsiz yanaşma bu prosesin əsas şərtləridir. Kitabı sevən uşaq öyrənməyi də sevəcək, məktəb onun üçün yük deyil, inkişaf məkanı olacaqdır.

Validə Ələsgərova,

İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir