İnkişaf üçün birgə fəaliyyət vacibdir
İsmayıllı şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində “Məktəbin bu günü və sabahı” mövzusunda valideyn iclası keçirilib.
İclasda məktəb rəhbərliyi, sinif rəhbərləri və valideynlər iştirak ediblər. Tədbirin keçirilmə məqsədi məktəbin mövcud vəziyyəti, tədrisin keyfiyyəti, şagird nailiyyətləri və qarşıda duran vəzifələr barədə valideynləri məlumatlandırmaq, eyni zamanda məktəb-valideyn əməkdaşlığını daha da gücləndirmək olub.
Çıxış edən müəllimlər cari tədris ilində əldə olunan nəticələr, şagirdlərin dərsə davamiyyəti, buraxılış siniflərinin hazırlıq səviyyəsi, olimpiada və müsabiqələrdə qazanılan uğurlar barədə ətraflı məlumat veriblər.
Valideynlərin təklif və fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda şagirdlərin nizam-intizam qaydalarına əməl etməsi, təhlükəsiz və sağlam məktəb mühitinin qorunması, rəqəmsal mühitdə düzgün davranış və dərsdənkənar fəaliyyətlərin təşkili məsələləri müzakirə olunub. Çıxışlarda məktəbin gələcək inkişaf istiqamətləri, tədrisin keyfiyyətinin artırılması və şagirdlərin hərtərəfli inkişafı üçün birgə fəaliyyətin vacibliyi vurğulanıb.
İclas səmərəli diskussiya şəraitində keçib və valideyn-məktəb əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.
Elvüsal Babayev


