Valideyn və müəllim əməyinə yüksək qiymət verilməlidir
5 fevral 2026-cı il tarixdə 3 nömrəli məktəb-liseydə məzunlarla ənənəvi görüş keçirilib. Müxtəlif illərdə məktəbi bitirib, respublikanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan məzunları məktəbin müəllim və şagird kollektivi böyük sevinclə qarşılayıb.
Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov da iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vasif Abdullayev məzunların doğma məktəbdə qarşılanmasının qürurverici hiss olduğunu bildirib.
R.Məmmədov öz çıxışında tələbələrə yaşadıqları anı dəyərləndirməyi, oxuduqları universitetin ictimai həyatında da fəal iştirak etməyi, müxtəlif tipli inkişafetdirici proqramlara qoşulmağı tövsiyə edib.
Məktəbin şəhid müəllimi Famil Əhmədzadəyə həsr olunmuş kitablar şəhidin valideynləri və həyat yoldaşı adından tələbələrə bağışlanıb.
Tələbələrlə şagirdlər arasında fikir mübadiləsi olub. Bu il abituriyent adını qazanmaq istəyənlərə məsləhətlər verilib. Bunun üçün dərin biliklərə yiyələnməyin valideyn və müəllimlərin əməyinə yüksək qiymət verilməsinin vacibliyi vurğulanıb. Müəllimlər öz növbələrində şagird və məzunlara uğurlar arzulayıblar.
Səma Mehdiyeva

