Əldə edilən nəticələr, qarşıya çıxan çətinliklər təhlil edilib
İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Tibbi Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib.
İclasda xəstəxananın baş həkimi Nərgiz Rəhimova, Tibbi Şuranın üzvləri, şöbə müdirləri, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərov, Ailə Sağlamlıq Mərkəzinin, kənd həkim və tibb məntəqələrinin müdirləri iştirak ediblər.
Baş həkim N.Rəhimova Tibbi Şuranın gündəliyində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə”yə dair 2025-2030-cu illər üçün Dövlət Proqramının icrası ilə bağlı keçiriləcək tədbirlərin müzakirəsi və “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin 2025-ci ilin 12 ayı ərzində fəaliyyəti barədə hesabat”ın müzakirəsinin durduğunu bildirib.
Gündəliyin müzakirəsinə başlamazdan əvvəl baş həkim Səhiyyə xidmətlərinin təşkili şöbəsinə müdir vəzifəsinə təyin olunan həkim-pediatr Tural Ağazadəni kollektivə təqdim edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Gündəliyə uyğun olaraq baş həkim N.Rəhimova narkomaniyaya qarşı mübarizə ilə bağlı rəsmi məktubla iclas iştirakçılarını tanış edib və narkomaniyanın cəmiyyətdə, xüsusilə gənclər arasında, onların səhhətində yaratdığı təhlükələri xüsusi vurğulayaraq, kompleks və davamlı tədbirlərin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Müzakirlər zamanı bu istiqamətdə bütün məntəqələr üzrə profilaktik tədbirlərin gücləndirilməsi, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi, risk qrupları ilə işin təşkili və tibb işçilərinin bu prosesdə rolu barədə fikir mübadiləsi aparılıb.
Statistika bölməsinin müdiri Nigar Seyidzadə 2025-ci ilin yekunlarına dair hesabatı əməkdaşlara təqdim edib. Hesabat üzrə ötən il ərzində görülən işlər, əldə edilən nəticələr və qarşıya çıxan çətinliklər ətraflı təhlil edilib. Xüsusilə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, əhalinin səhiyyə xidmətlərinə əlçatanlığının genişləndirilməsi və kadr potensialının səmərəli təşkili məsələləri diqqət mərkəzində olub.
Leyla Əliyeva

