“Dağ çiçəkləri”
İlk məhəbbət
O, göy qurşağıydı, sürünüb itdi,
O, yaz çiçəyiydi, dərilib getdi.
Şirin xatirəydi, tükənib bitdi,
Sağalmır yarası ilk məhəbbətin.
Yaddaşa silinməz iz qoyub, qalıb,
Qəlbimi yandıran köz qoyub, qalıb.
Ömür yollarıma iz qoyub, qalıb,
Silinmir yazısı ilk məhəbbətin.
Gözə görünməyən, bilinməz haldır,
Səmti bilinməyən, gedilməz yoldur.
Əlçatmaz çeşmədir, içilməz sudur,
Gözümdə damlası ilk məhəbbətin.
Taleyimdə dönüş, tərəqqi idi,
Ömrümün bir qızıl vərəqi idi.
Ürəyimdə yatan bir şərqi idi,
Mürgülər sədası ilk məhəbbətin.
Bitişməz bir çatdır, sağalmaz yara,
Bu yara özümlə gedəcək gora.
Nakam məhəbbətə tapılmır çarə,
Sürmədim səfasın ilk məhəbbətin.
Əvəz Küskün
İkiliklər
Ən iti görən göz qəlbin gözüdür,
Bunu mən demirəm, elin sözüdür.
*
Bir rəngdə olsa da hamının qanı,
Hər qan şəfa verib, qurtarmır canı.
*
Tərəzi başında durubsa oşru,
Tərəzi heç zaman işləməz doğru.
*
Daima uzaq ol satqın adamdan,
Beləsi qorxulu hətta, şeytandan.
*
Yediyi çörəyə dönük çıxan kəs,
Haqqa can atsa da, haqqa yetişməz.
*
Nadana üz verib çıxarsan başa,
Çox çəkməz, səni də basacaq daşa.
*
Sadəlik özü də bir istedaddır,
Ən təmiz, ən gözəl ülvi həyatdır.
*
O yerdə ki, sənin görünmür yerin,
Orda şah da olsan, yoxdur dəyərin.
*
Hər kəsin qiymətin verəcək zaman,
İstər alim olsun, istərsə nasan.
*
Bənna yaxşı bilir, deyilsə naşı,
Hər daşdan olmayır bünövrə daşı.
Hacıməmməd Məmmədov
Tapmıram mən
İtirmişəm özümü,
Özümü tapmıram mən,
Özümü tanımağa,
Gözümü tapmıram mən.
Yolum dolu tələdi,
Nişangahdı, bərədi,
Keçdiklərim dərədi,
Düzümü tapmıram mən.
Qışam yazın içində,
Yaram duzun içində,
Donub buzun içində,
Közümü tapmıram mən.
….Ömür ötüşən qatar,
Ona çətin əl çatar,
Kimi sevdiyim aşkar,
Gizlimi tapmıram mən.
Havası – abı bəlli,
Ətri – gülabı bəlli,
Döydüyüm qapı bəlli,
İzimi tapmıram mən!..
Cəbrayıl Hüseyn
Öpüb gedəcəm
Bir gün bu dünyanı öpüb gedəcəm,
Niskilin əlindən qopub gedəcəm,
Bir parça torpağa hopub gedəcəm,
O dəm ayrılacaq ruhum canımdan,
Günəş mənsiz doğub, söküləcək Dan.
Bir də gəlməyəcək mənli yaz, bahar,
“Gərəyim olmacaq nə şeş, nə çahar,”
Bu həsrət dünyanın özünü yaxar…
Mən göydə insanlar yerdə gedəcək,
Sevinc kövrələcək, kədər güləcək.
Ey məni odlara tullayan fələk,
Bağrıma basaram ölümü bərk- bərk,
Sinə qabaracaq, yatacaq ürək,
Torpağa hopacaq ahlar, amanlar,
Xatirə qalacaq məndən çox anlar.
Bu dünya ömrümü çaldı, apardı,
Gülüşü üzümdən aldı, qopardı,
Dedim sevinc məni gələr, tapardı,
Tapmadı, üzüldü taqətim, dözüm,
Yazan yazıbdırsa, mənim nə sözüm?!
Rüstəm Məbudoğlu
Ananın bir sözü var…
Bu dünyanı yaxşı tanı, can bala,
Çoxdur onun talayanı, yeyəni.
Ayağı yox, amma çapır dördnala.
Bilinməyir kimdə onun yüyəni.
Hərə bir tərəfə çəkir kəndiri,
Kimin məğlub olacağı bilinmir.
Kimi sökir, kimi tikir hündürü,
Kimdən kimə qalacağı bilinmir.
Həyat dərslərində fasilə olmur,
Yaxşı oxu, yerini tap, dur, bala.
Dağılan yığılmır, boşalan dolmur,
Həyatını ağıl ilə qur, bala.
Gah istidir, gah da soyuq havalar,
Bir yolu var, tab gətirib, dözəsən.
Tamah varkən bitməyəcək davalar,
Vay o günə, Haqdan əlin üzəsən.
Bu yolların əyrisi var, düzü var,
Düz yolu tut, yox bu yolun xatası.
Dinlə bala, ananın bir sözü var –
O, bir dünya, məndən sənə çatası.
Vüsalə İsmayılova
Qəzəl
Milli Qəhrəman Mübariz İbrahimova
Vətənə bunca məhəbbət necə sığmış canına,
Ulu millət bir anda döndü sənin heyranına.
Ağzıgöyçək deyinərdi: Hanı bəs babəklər?
Girdin Koroğlu kimi qanlı savaş meydanına.
Baxmadıq altına biz qaldırıban daşı heyhat,
Hünərin bayraq olub dalğalandı dövranına.
Bir Mübariz kabusuyla ərşə çıxmış yuxusu,
Səpmisən qorxu tumu türkə düşmənin qanına.
Kərbəladan, Məkkədən öncə Əliabadımız var,
Baxıb qürur duyuram ziyarətçi karvanına
Var olandan bəri hayqıraraq Vətən demiş,
Adın ətir saçacaq min il söz gülüstanına.
Tərlanam, öz atana, öz anana övlad idin,
Qeyrətin etdi səni ovlad Azərbaycanına.
Tərlan Saleh
Bu payızın
Ulduz ulduz gözlərində yaş oıUr,
Topalanır, buludları baş olUr.
Hər payızın xislətində həzinlik,
Qayğıları artır, birə beş olur.
Gətirdiyi, yetirdiyi bol nemət,
El obaya verər ruzi bərəkət.
Hər payızın adətində hər günlük,
Gərək olsun zəhmət dolu hərəkət.
Bu payızın günəşində atəş az,
Görünəndə dildə gəzər xoş avaz.
Bu payızın ülfətindən ruh deyir,
Ordumuzun zəfərindən durma, yaz.
Qırx dörd günlük qələbədir bu payız,
Ordumuzun qələbəsi danılmaz.
Bu payızın möhnətini bitirdik,
Bir gör necə fərəhli bir zamandır,
Çox şükür, Qarabağ Azərbaycandır!!!
Mehriban İbrahimova
Sevənlər qorxmaz
Azacıq günəş çıxıb,
Buz parçası parıldayır.
Könlüm cuşa gəlir baxıb,
Düşən damlaları sayır.
Qışda gözəl olur demə,
Ürək ürəkdən sevəndə.
Köksə sevgi dolur demə,
Cıvıl-cıvıl göz güləndə.
Nə qar, nə buz, nə də soyuq,
Qurxutmayır sevənləri.
Doğransalar oyuq-oyuq,
Əbədidir güvənləri.
Nailə Yırğançaylı
Tənha məzar
Cismi qara torpaq altda,
Ruhu uçur mavi göydə.
Kimsəsi yox bu həyatda
Gələ, qəribi yad edə.
Nə bir çiçək, nə də bir iz,
Görünməyir yolu üstə.
Sağda, solda çiiçək gördüm,
Hər məzarda dəstə dəstə..
O dünyanı səssiz görüb,
Bu dünyadan dad elədim.
Salam verdim, dua etdim,
Küskün ruhu şad elədim.
Elə bildim məni gördü,
Dilə gəldi tənha məzar.
Qulağıma bir səs gəldi,
Pıçıldadı: – Dərdinmi var?
Mərsiyələr oxunanda,
Dua dilə toxunanda,
Gəl, bu yeri unutma heç,
Baş daşımın önünə keç.
Sən gələndə şad olaram,
Yaddan çıxmaz ad olaram.
Zərifə Ağayusifqızı
Yazır
Daha dərdi varlının ərizə yaza harasa,
Bir kərə yox xahişi, kasıb neçə yol yazır.
Filanam, filankəsəm deyib göstərir adı,
Yazdıqlarının altdan qoyub imza, qol yazır.
Elə cür qocalır ki, əl də tutmayır əsa,
Boşqab o yana dursun, salıb sındırır kasa.
Eşidilməyə, ya da eşidilə hardasa,
Daşdan, dəmirdən çıxan, qabarlayan əl yazır.
Bilir kim olduğunu ozanın, şairin də,
Çatdırır hekayəni, unutmur şeirin də,
Bilir yazdıqlarını, deyir yerli-yerində,
Qəlbin dediklərini düzüb sətrə dil yazır.
Başında ağ şalı yox, qaradan qarasıdı,
Yoxdu gülü, çiçəyi, sinədə yarasıdı.
Şeir yazır, söz deyir, hələ bu harasıdı?
Zərgər olub Tamam Nur dür bəzəyib, ləl yazır.
Tamam Nur Tağlabiyanlı
Sənə yazardım
Bir ilham çeşməsi olsaydı məndə,
İlk sevgi şeirimi, sənə yazardım.
Yatıb yuxuda da, səni görəndə,
Səbrim tükənsə də, yenə yazardım.
Yaşıl çəmənləri, seyr edə-edə,
İznilə iz tutub, yol gedə-gedə,
Dərdimi söyləyib, mən təbiətə,
Çəkilib bir küncə, tinə, yazardım.
Sən məndən uzaqda, olsan da belə,
Özünlə baş-başa, qalsan da belə,
Məndən qisasını, alsan da belə,
Səndən qisas alıb, yenə yazardım.
Zülfüdən gözəlin, seçə bilməzsən,
Sevgi şərbətini, içə bilməzsən,
Gəlib qapmazdan, keçə bilməzsən,
Son sözümü deyib, əhdi pozardım.
Səndən İlham alıb, yenə yazardım.
Akif Zülfüqarlı
Deyirlər
Nə vaxt sevsən, Haqdan gələn nidadır,
Məhəbbətin yaşı olmaz deyirlər.
Ürək yanmayanda sirri–xudadır,
Görən gözün yaşı olmaz deyirlər.
Həyatın sonu var, yox eşqin sonu,
Nənəmiz, babamız geymiş bu donu.
Hərə tayın tapar, yar bilər onu,
Vəfalılar naşı olmaz deyirlər.
Sevən kəslər bir birinin dirəyi,
Yaxşıların halal duzu, çörəyi.
Gül bitirər sevənlərin ürəyi,
Sevənlərin qışı olmaz deyirlər.
Şərqiyyə Balacanlı
Ay Arif baba
Hamı ona “dağlar oğlu” deyərdi
Vaxt vardı gəzərdin uca dağları,
Güllü çəmənləri, göy yaylaqları.
Səni unutmayır bu el, bu oba,
Qəbrin nurla dolsun, ay Arif baba.
Belə həyat mənə kədər görünür,
Sənsiz yaşamaq da hədər görünür.
Bütün el yığılıb gəlsə hesaba,
Sən öndə olarsan, ay Arif baba.
Dünyaya gələndə ruhun oyandı,
Sonda vuran ürək birdən dayandı.
Söndü ömür boyu yanan bir soba,
Qoy ruhun şad olsun, ay Arif baba.
Ömrə xəzan gəldi, saraldı yarpaq,
Axır uddu səni bu qara torpaq.
Məzarən üstündə güllər bir topa,
Yerin cənnət olsun, ay Arif baba.
Qəbrini seyr edir arxalı dağlar,
Elə bil quruyub o bağça-bağlar.
Kaş gələ o günlər, bir də at çapa,
Dağların övladı, o Arif baba.
Ramiz Ramazanov,
Qalacıq


