Dostum Daşdəmir Əjdəroğlu      

 

İsmin altı halında dostluq şarjı

 

Adlıq hal:  Daşdəmir Əjdəroğlu – adı çəkilən kimi göz önünə əlində qələm, qarşısında dəftər, qaşlarının altında daim düşünən bir baxış gəlir. O, peşəkar yazıçı-jurnalistdir; söz onun üçün həm silahdır, həm körpü, həm də çörək ağacı.

Adı “daş”la başlayır, amma yazıları su kimi axıcıdır. “Dəmir”lə davam edir, amma ürəyi pambıq kimidir. “Əjdəroğlu” deyəndə elə bilirsən qəhrəmanlıq dastanı yazacaq, amma o daha çox insanın içində gizlənən həqiqətləri üzə çıxarır.

Yiyəlik hal: – Daşdəmir Əjdəroğlunun qələmi yorulmazdır. O, bir hadisədən beş məna çıxara bilər, bir cümləni üç dəfə redaktə edər ki, söz yerini dəqiq tapsın.

Onun yazılarının özünəməxsus dadı var – bir az satira, bir az kədər, bir az da həyatın duzu-istiotu. Məqalələrində elə məqamlar olur ki, oxucu həm gülür, həm düşünür. Bəzən deyirəm ki, Daşdəmir Əjdəroğlunun redaktoru olmaq çətin işdir – çünki özü özünün ən sərt redaktorudur.

Yönlük hal: – Çətin bir mətni düzəltmək lazım olanda üz tuturuq Daşdəmir Əjdəroğluna. Mövzu dolaşıqdırsa, faktlar qarışıbsa, deyirik: “Verək Daşdəmirə, o yoluna qoyar”.

Ona bir xəbər versən, əvvəlcə sakitcə dinləyər, sonra qəfil suallar yağdırar. Elə suallar ki, adam öz yazdığı xəbərə yenidən baxmalı olar. Amma sonunda ortaya çıxan mətn sanki laboratoriyadan çıxmış kimi dəqiq və səliqəli olar.

Təsirlik hal: – Daşdəmir Əjdəroğlunu ən çox ilhamlandıran şey həqiqətdir. O, faktı sevər, şişirtməni sevməz. Amma dost məclisində onu bir az şişirtsən, dərhal gülümsəyər: “Ay qardaş, məni qəhrəman eləmə, mən sadəcə yazı yazıram”.  Onu tərifləyəndə ciddi görünməyə çalışar, amma gözünün içindəki sevinc gizlənməz.

Yerlik hal: – Daşdəmir Əjdəroğlunda qəribə bir müşahidə qabiliyyəti var. Küçədə gedərkən hamının görüb keçdiyi detalları o saxlayar, yaddaşına yazar.

Onun içində daim bir xəbər otağı işləyir – sanki hər hadisə başlıq axtarır. Hətta çay süfrəsində belə hansısa cümləni eşidib deyə bilər: “Bu, yaxşı reportaj olar”.

Çıxışlıq hal: – Daşdəmir Əjdəroğlundan öyrəndiyimiz çox şey var: sözə hörmət, peşəyə sədaqət, dostluqda səmimiyyət. Onunla dostluq etmək həm məsuliyyətdir, həm də şans. Çünki o, səni dinləməyi bacarır. Yazıçı kimi yazır, jurnalist kimi soruşur, dost kimi isə anlayır.

Sonda bir daha bildirim ki, adlıq halda ad-san, əsl insan, yiyəlikdə qələm, yönlükdə ümid, təsirlikdə səmimiyyət, yerlikdə müşahidə, çıxışlıqda isə örnək olan bir dostdur Daşdəmir Əjdəroğlu. Belə yazıçı dost hər kəsə qismət olmaz – çünki o, təkcə söz yazmır, həm də xatirə yaradır.

Rahib Kərimli   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir