Silinməz yaralarımız
Bəli, bu, bir tarixdir. Nəsildən nəsit ötürülən, yaddaşlarda yaşayan və gələcək nəsillərə ötürülən yaddaş tarixi.
Ağlım kəsəndən hər iki nənəmdən eşitmişdim: Ay bala, biz görən müsibəti Allah heç kimə göstərməsin. Onlar vəhşidirlər, onlar qatildirlər. Onlar hər zaman düşmənimiz olublar. Hər iki nənəm onları “gavurlar” adlandırırdı. Soyuq qış gecələrində sobanın ətrafına yığılan biz uşaqlar böyük maraq və nifrətlə olub-keçənlərə qulaq asarsıq. Ata nənəm Maçaxı bəyi Qoçu bəyin qızı Həcər xanım kənddə ermənilərin törətdiyi vəhşiliklərdən, yanıb kül olmuş kənddən danışardı.
Yaxşı yadımdadır, atam bizi Girdiman çayının yaxınlığında olan uçmuş, dağıntıları qalmış bir tikiliyə aparmışdı. Bina babam Məhəmməd əfəndinin karvansarası olubmuş. Ermənilər binanı yandırmış, daşı daş üstə qoymamışdılar. Atam böyük, yanmış bir ağacı bizə göstərib dedi ki, evləri talan olunduqdan sonra babamın Quran və digər kitablarını bu ağacın koğuşuna yığıb yandırmışlar.
Ana nənəm Hüsniyyə xanım isə həmişə böyük ürək ağrısı ilə Mücü kəndində öldürülmüş qohumlarından danışardı. Nənəm deyirdi ki, biçin vaxtı olub. Kəndin yeddi sakini zəmidə biçin zamanı ermənilərin hücumuna məruz qalır. Yeddisinin də başını kəsib, sinələrinin üstünə qoyublar. Kəndə xəbər göndəriblər ki, gəlin, qurbanlarınızı aparın…
İllər keçdi… Bizlər də böyüdük. Gənclik illərimiz 1980-ci illərin sonuna düşdü.
Bəli, nəsil yaddaşı təzələndi… Yenə dağılmış, viran edilmiş kəndlər, şəhərlər, yerlə yeksan edilmiş evlər. Şəhid olmuş soydaşlarımız.
Bir nəsil olaraq biz Məmmədovlar neçə şəhid qurban verdik.
Bu gün bunlar hamısı mənim ürək ağrım, göz yaşımdır. Mən də öz növbəmdə eşitdiklərimi istər evdə, istərsə də məktəbdə uşaqlara, şagirdlərimə aşılayıram. Çünki unutsaq, unudularıq. Yaddan çıxarsaq. Tariximiz saxtalaşar, unudular.
Fevral ayının 19-da İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində “Nəsil yaddaşı” adlı filmi izlədik sanki öz uşaqlığımı görür, vaxtı ilə yaşadığım həyəcan və hissləri yenidən yaşayırdım. Bəli, bu, bir tarix, bir yaddaşdır.
1918-ci ildə baş verən hadisələri çox vaxt Bakı, Quba, Şamaxı şəhərləri barədə eşitmişik. Axı biz, İsmayıllı rayon kəndləri də təcavüzə məruz qalmışıq. Talıstan, Diyallı, Maçaxı, Tircan, Sərdahar, Bizlan, Mücü kimi, tarixi qədim kəndlərimiz də bu vəhşiliklərin qurbanı olmuşlar. İndi o vəhşilikləri gözləri ilə görüb, yaşamış insanların heç biri həyatda yoxdur. Lakin onlardan nəsildən-nəsilə ötürülən yaddaş var. O yaddaş ki, biz də onu qorumalı və gələcək nəsillərə ötürməliyik.
Mən belə bir filmin çəkilməsində və İsmayıllı rayonunda baş verən hadisələrin o filmdə nümayiş edilməsində əməyi olan filmin rejissoru və ssenari müəllifi Babək Abbaszadəyə, produser Ramil Ələkbərova, operator Bulud Quliyevə, montaj rejissoru Rza Əsgərova, işıq rəssamı Sabit Qədirova, səs rejissoru Mehman Nadirova və bəstəkar Nigar Süleymana özümün, ailəmin, eləcə də izləyicilərin adından dərin təşəkkürümü bildirirəm. Tarixi yaşadan, nəsildən-nəsilə ötürən belə gənclərimizlə qürur duyuruq.
Bu yaradıcı insanlarla xatirə şəkli çəkdirmək də olduqca xoş oldu.
Təranə Məmmədova
A.Aslanova adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin təşkilatçısı

