Dövlətçilik maraqları, vətəndaşların hüquq və azadlıqları qorunur
Oktyabr ayı “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi başlayır. Bu il ölkəmizdə Azərbaycan prokurorluğunun yaranmasının 107-ci ildönümü qeyd olunur.
Bu əlamətdar gündə İsmayıllı rayon prokuroru Tural Yusifov başda olmaqla prokurorluğun məsul əməkdaşları ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə tər qızılgüllər düzüblər. Gülqoyma mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edib.
Rayondakı Heydər Əliyev Mərkəzində Azərbaycan prokurorluğu tarixini əks etdirən videoçarxa baxışda Ulu öndərin bu peşə ilə bağlı fikirləri səsləndirilib. Ulu öndərin dediyi kimi, bu peşə ağır, çətin və eyni zamanda, çox şərəfli, hörmətli peşədir.
Rayon rəhbəri prokurorluq işçilərini səmimi qəlbdən təbrik edib, vətəndaşlarımızın rifahı, dövlətimizin inkişafı naminə bu şərəfli və çətin yolda hər bir prokurorluq işçisinə uğurlar arzulayıb. İşdə fərqlənənlərə RİH-nin Təşəkkürnamələri təqdim olunub.
Prokurorluğun əməkdaşları rayonun Şəhidlər xiyabanını da ziyarət edib, Vətənin müdafiəsi, suverenliyimiz və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ehtiram bildirib, onların məzarların üzərinə tər güllər düzüblər.
Bu tarixi gün ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün kimi, hər il oktyabr ayının 1-də qeyd olunur.
Günün peşə bayramı olaraq təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğısının ifadəsi, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dəyərdir.
Qeyd etmək lazımdır ki, Prezident cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına yüksək etimad, diqqət və qayğı göstərilir. Prokurorluq orqanları vaxta, zamana baxmayaraq dövlətçilik maraqlarını, vətəndaşlarımızın hüquq və azadlıqlarını şərəflə müdafiə etməkdədirlər.
Ş.Soltanov


