Müəllim adı ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzidir

 

5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə təntənəli tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, təhsil sektorunun nümayəndələri,  müəllimlər və veteran təhsil işçiləri iştirak ediblər.

Tədbirdən əvvəl RİH başçısı Nahid Bağırov və iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüblər.

Daha sonra tədbir Prezident cənab İlham Əliyev tərəfindən yeni açılmış “Talıstan” liseyinin binasında davam etdirilib. Tədbirin açılışında Dövlət Himni səsləndirilib, şəhidlərimin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

İcra başçısı Nahid Bağırov müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onlara bu çətin, eyni zamanda şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. O, həmçinin xalqımızın çətin günlərində qələmini silaha dəyişərək döyüşə atılan Famil müəllimi hörmətlə yad edib və onun vətənpərvərliyini, dövlətə sədaqətini xüsusi vurğulayıb.

Çıxışlarda bildirilib ki, müəllim adı xalqımızın milli təfəkküründə hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunub, böyük hörmət və ehtiramla anılıb.

İsmayıllı şəhər 1 nömrəli məktəb və İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin şagirdləri tədbirə uyğun kompozisiyalarla çıxış ediblər.

Tədbirin sonunda təhsilin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup müəllim Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Vurğulanıb ki, təhsil sahəsində əldə olunan bütün  uğurlar Prezident cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi xüsusi diqqət və qayğının uğurlu nəticəsidir.

Şərh Yaz