Məqsəd daha yüksək nailiyyətlərə imza atmaqdır
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində məktəbin pedaqoji kollektivi ilə görüş keçirib.
Dəyirmi masa formatında təşkil olunan görüşdə məktəbin ümumi vəziyyəti, tədris prosesində mövcud olan çətinlik və nailiyyətlər, eləcə də qarşıda duran vəzifələr ətraflı şəkildə müzakirə olunub. Son illərdə rayonda təhsil sahəsində görülən işlər, yeni tikilən və əsaslı şəkildə yenilənən məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib. Eyni zamanda mövcud nöqsanlara da diqqət çəkərək onların aradan qaldırılması üçün görülməli olan tədbirlər qeyd edilib.
Təhsil cəmiyyətin inkişafının əsas dayağıdır və bu yolda müəllimlərin fədakar əməyi xüsusi önəm daşıyır. Başçı müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onların hər bir uğurunun bütövlükdə rayon təhsilinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.
Bu kimi görüşlər gələcəkdə də davam etdiriləcək və təhsil ictimaiyyəti ilə açıq dialoqun, qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində mühüm addımların atılacağı vurğulanıb. Başçı görüşün sonunda bildirib ki, bu kimi tədbirlərin keçirilməsində məqsəd – birgə əmək və qarşılıqlı etimad əsasında daha yüksək nailiyyətlərə imza atmaqdır.
“İsmayıllı xəbərləri”
