Gözəlliyi və abadlığı ilə seçilən təhsil ocağı

 

Sentyabr ayının 30-da “Ahıllar günü” münasibətilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə dəvət olunmuşduq. Burada Kollecin, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Nəsillərin görüşü” mövzusunda tədbir keçiriləcəkdi. Nəsillər arasında əlaqələrin daha da möhkəmlənməsi və davamlı olması üçün belə görüşlərə cəmiyyətimiz həmişə ehtiyaclıdır.

Görüşdə iştirak etmək üçün Əməkdar müəllim Mirvari Musayeva, yazının müəllifi və rayon Ağsaqqallar şurasının sədri, şəhid atası, dövlət qulluğu veteranı Ağaəhməd Əhmədov, rayon Veteranlar şurasının sədri, ehtiyatda olan polkovnik Əlaləm Babayev, Əməkdar müəllim Şəfaqət Rəsulov dəvət olunmuşdurlar. Görüşün gedişi barədə informasiya sosial şəbəkələrdə paylaşılıb. Mənim məqsədim isə tamam başqadır. Mən bu məkanın xarabalığı andıran durumuna hələ uşaq xəstəxanası kimi fəaliyyət göstərdiyi zamandan bələd idim. Kollecin buraya köçürüldüyü zamanda da vəziyyət eyni idi. İndi gördüyüm mənzərə isə tamam yeni, müasir, ruhverici və gözoxşayan idi.

Yaşlı insanları qarşılayan Kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru Kəmalə Süleymanlı və pedaqoji kollektivin üzvləri ilə Şəhid məzunların xatirəsinə həsr olunmuş lövhəni ziyarət etdik. Daha sonra direktor və onun müavini Çingiz Aslanov bizi ərazidə görülən işlərlə, ayrı-ayrı ixtisaslar üzrə yaradılmış tədris-təcrübə sahələri və obyektləri, əsaslı təmir olunmuş müxtəlif təyinatlı binalarla, laləzara çevrilmiş ətrafla tanış etdilər. Kollecin heyəti və ətrafı Botanika bağını (Dendrarini) xatırladırdı. Azərbaycanın florası sanki burada əksini tapıb. Müəllim və tələbələrin hər biri hər bir gül kolu, meyvə ağacı, yaşıllıq nümunələri, təmizlik və səliqə üçün özünü məsul bilir. Bu münasibət Kollecdə mövcud olan ciddi intizamın nəticəsi kimi dəyərləndirilməlidir. Vaxtilə Xalq şairi Səməd Vurğun yazırdı:

Hərə əl yetirsə abadanlığa,

Kəndimiz böyüyüb bir şəhər olar,

Hər gözəl axşamı bir səhər olar.

Abadlığı, gözəlliyi, təbiətsevərliyi ilə seçilən, xüsusilə ancaq yanlışı, nöqsanı görməyə köklənmiş insanları bu cənnətməkana dəvət etməkdə özümü səlahiyyətli bilirəm. Böyük ərazisi olan tam orta məktəblərin kollektivini ilk növbədə Kollecə tanışlığa çağırıram. Gəlin, baxın, görün, duyun və ərazinizdə yaradın gördüklərinizi, nümunələri.

Valeh Salehov,

İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri

Şərh Yaz