Hara gedirik?

Bu günlərdə televiziya ekranında təsadüfən bir veriliş diqqətimi çəkdi. Bəlkə də cəmiyyətimizin ən iyrənc tərəfini təqdim edən sosial verilişlərdən olsaydı təəccüblənməzdim. Çünki reytinq (nəylə ölçüldüyü bəlli deyil) dalınca qaçan aparıcıların sayəsində hər cür rəzilliyi izləməyə məhkum edilmişik.

Estetik prosedurların nəticəsi olaraq biri-birlərinə bənzəyən müğənnilərin paltarlarının, ziynət əşyalarının markası, qiymətləri ilə öyündüklərinin şahidi olmuşuq. Mövzu insanların bir (vaxtilə belə idi) sirr kimi pıçıldadığı fikri üzü qızarmadan söyləyən müğənninin etirafından ibarət idi. Özü də necə… “Mən gizlətmirəm, uşaqlarımın atasının öz ailəsi var. Mən bilərəkdən uşaqlar dünyaya gətirmişəm. Burada nə var ki…”. Özü də bu fikri elə söyləyir ki, sanki, böyük bir iş görüb, qəhrəmanlıq edib.

Yadıma uşaqlıq xatirələrimdən biri düşdü. Qonşuluqda iki uşağını təkbaşına böyüdən bir qadın yaşayırdı. Süpürgəçi idi. Övladları tərbiyəli və qabiliyyətli idilər. Böyük oğlunun yaxşı səsi vardı. Ananın məvacibi onların dolanışığına zorla çatırdı. Daha oğlunu musiqi məktəbinə qoymağa imkanı yox idi. Digər qonşumuz Nadya xala ona dedi ki, uşaqlarının nigahdankənar doğulduğunu bildirsən dövlətdən hər ay yardım ala bilərsən. (Nadya xala qızı Lyuda üçün elə pul alırdı). Qadın bu sözə çox qəzəbləndi. “Mənim uşaqlarıma elə pul lazım deyil, – dedi. Puldan ötrü elə ayıbı boynuma götürüb eli özümə güldürə bilmərəm”.

Verilişi izləyərkən ürəyimdən bir fikir keçdi və indi onu dilə gətirirəm: Ay Səadət xala, Allah sənə rəhmət eləsin. Sənin böyük ehtiyacın olduğu halda övladlarına nigahdankənar doğulmuş adını yaraşdırmadın. Bu gün isə bununla qürur duyanlar, bu sözü ucadan söyləyə bilən insanlar yetişib. Sevgilisinin adından studiyaya gül çələngi, bahalı hədiyyələrin göndərilməsi yarışı gedir. Qonşu davasına bənzəyən deyişmələr, etiraflar, qazandığı pula acıq verənlər efirlərin daimi “sakinlərinə” çevrilib. Köhnə sevgilisinə yenisinin müsbət tərəflərini söyləmək məqamı yetişib. Ən pisi də budur ki, bu verilişlər bizim iradəmizdən kənar olaraq evlərimizə daxil olur. Hansı kanalı keçirsən eyni mövzu. Özü də günün elə vaxtlarında ki, insanlar istifadə etmək üçün televizorun pultunu əllərinə alırlar.

Soyuq günlər, havanın tez qaralması, insanların ürəyincə deyil. Çünki özü ilə problemlər gətirir. Onların arasında televiziya verilişləri də var.

Uşaq vaxtı qardaşımla çox dalaşardıq. Nənəmin bir klassik sözü vardı. “Ay Allah, bunların əlindən hara gedək?” İndi də mən deyirəm: “Cəmiyyətin üz qarası olan insanların əlindən televizora baxmayaq?”

P.S. Son 5 ildə Azərbaycanda 82 min 944 uşaq nigahdan kənar doğulub. Hara gedirik?..

Şərh Yaz