Qulaq dincliyi
Ölkələrin zənginliyi həm də onun sağlam, qabiliyyətli, savadlı sakinlərindən asılıdır. Övlad sarıdan korluğu olanlar həmişə Azərbaycan ailəsinə bir qapıdan çıxan uşaq sayına görə köks ötürüblər. Çünki milli-mənəvi dəyərlərin keşikçisi olan ailələr sağlam, güclü, vətənpərvər övlad böyütməklə öyünüblər. Bu gündən fərqli olaraq övladlarını əsgərliyə dəbdəbə, məclis qurub yola salmasalar da, onlara öyüdləri olub. «Get və kimliyini unutma». Belə oğullar, qızlar böyüdən analar müqəddəs adının qarşısında bir qəhrəman sözünü də daşıyıblar. Əlbəttə, 8-10 övlad sahibi olmaq asan məsələ deyil. Həmin analar sinələrində medal gəzdiriblər. Sözün həqiqi mənasında bu əsl qəhrəmanlıq sayıla bilər. Bu gün isə. Nə analar, nə də övladları sanki həyata, onun sınaqlarına hazır deyillər. Təsadüfən eşitdiyim bir telefon danışığı vəziyyətin nə qədər acınacaqlı olduğuna bir sübutdur.
Gənc bir qadın küçədə yeriməsinə baxmayaraq, telefonla kifayət qədər ucadan danışırdı. «Dünən məktəbə getməmişdi, evin altını-üstünə çevirdi. Bu gün basdım hazırlığa ki, qulağım dincəlsin».
Aramızdakı məsafə az olduğu üçün hər şeyi aydın eşidirdim. Təsəvvür edirsinizmi, təxminən bir aydır ki, məktəbə qədəm qoyan uşaqdan söhbət gedir. Onunla anası deyil, hazırlıq müəllimi məşğul olur. Ana övladını bilik öyrənsin deyil, qulağı dinc olsun deyə hazırlığa göndərir. Maraqlansan bəlkə də heç işləmir də. Həmin övlad isə ailənin ya yeganə, ya da iki övladdan biridir. «Uşaq böyütmək çətindir». Çətin olan telefondan ayrılmaq, zamanını boş şeylərə xərcləmək, özünü əziyyətə verməməkdir.
Təsəvvür edin, ana övladının əlləri əsə-əsə çəkdiyi, yazdığı hərflərin sevincini yaşamağı özünə əziyyət sayır. Fərəhlənmək əvəzinə qulaq dincliyi gəzir. Ondan uzaqlaşmağı həyatının fürsəti sayır.
Allah Sizə rəhmət eləsin, qəhrəman analar. Sizlərdə polad iradə varmış. Həyatınızın ən gözəl anlarını övlad qayğısına həsr etmisiniz. Özünüz savadsız olsanız da, savadlı, qabiliyyətli övladlar böyütmüsünüz. Zövqünüz də, sevinciniz də, qürur mənbəyiniz və dəbdəbəniz də övladlarınızla bağlı olub.
Yeri gəlmişkən, bu yazını qələmə almağıma bir statistika səbəb oldu. 2021-ci ildə doğulan uşaqların sayı 14.287 nəfər olubsa, 2024-cü ildə bu rəqəm 10.310 nəfərə enib və getdikcə də azalır.
Rəfiqə Sadiqova

