Peşəkar inkişafa mühüm töhfə
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Azərbaycan Qida Agentliyinin Şamaxı Regional Şöbəsinin Qida Təhlükəsizliyinə nəzarət sektorunun aparıcı məsləhətçisi Elşad Mirzəliyev və Qida Təhlükəsizliyinə nəzarət sektorunun məsləhətçisi Məmməd Əsgərovun iştirakı ilə qida məhsullarının təhlükəsizliyi, süd və süd məhsullarının texnologiyası, çörək və unlu qənnadı məmulatlarının texnologiyası, şərabçılıq və qıcqırtma istehsalının texnologiyası ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib. Görüşün məqsədi tələbələrin ixtisas üzrə bilik və anlayışlarını daha da dərinləşdirmək, onların qida təhlükəsizliyi sahəsində praktik bacarıqlarını artırmaq olub.
Tədbir zamanı aparıcı məsləhətçi E.Mirzəliyev tələbələrə qida təhlükəsizliyinin əsas prinsipləri, istehsal və satış mərhələlərində keyfiyyətə nəzarət mexanizmləri, həmçinin sanitar və gigiyenik qaydaların əhəmiyyəti barədə geniş məlumat verib. Görüş interaktiv şəraitdə keçib, tələbələrin mövzu ilə bağlı suallarına cavab verilib mütəxəssisin tövsiyələri diqqətlə dinlənilib.
Sonda kollecin direktoru dosent Kəmalə Süleymanlı qonaqlara təşəkkür edərək, belə maarifləndirici tədbirlərin tələbələrin peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Tədbirdə qida məhsullarının texnologiyası və təhlükəsizliyi fənn birləşmə komissiyasının sədri Faiq Məmmədov, İnzibati təsərrüfat işləri üzrə direktor müavini Çingiz Aslanov, şöbə müdiri Elmir Ağayev, fənn müəllimləri Səidə İbrahimli, Müslüm Süleymanlı iştirak ediblər.

