Təhsildə inklüzivlik

 

Müasir dünyada təhsil sisteminin qarşısında duran ən böyük çağırışlardan biri inklüzivliyin təmin olunmasıdır. Cəmiyyət müxtəlif insanlardan ibarətdir: sağlamlıq imkanları məhdud olanlar, xüsusi təhsilə ehtiyacı olanlar, sosial cəhətdən həssas təbəqədən gələnlər və ya fərqli mədəniyyətlərə, dilə mənsub uşaqlar. Onların hamısının ortaq hüququ isə keyfiyyətli təhsil almaqdır.
İnklüziv təhsil yalnız məktəb divarları arasında baş verən pedaqoji proses deyil, həm də sosial ədalətin, bərabərliyin və tolerantlığın təzahürüdür. Belə təhsil modeli hər bir uşağın fərqliliyini qəbul edir, onu məhdudiyyətinə görə kənarlaşdırmır, əksinə cəmiyyətin bir parçası kimi inkişafına şərait yaradır. Bu gün inklüzivlik həm müəllimdən, həm valideyndən, həm də cəmiyyətdən xüsusi yanaşma tələb edir. Çünki məsələ təkcə bir şagirdin təhsil hüququ ilə bitmir, gələcəkdə həmin uşaqların cəmiyyətə inteqrasiyası, özünü dəyərli hiss etməsi və sosial həyata fəal qatılması da əsas məqsədlərdəndir. İnklüziv təhsilin mahiyyəti ondan ibarətdir ki, hər bir şagird – sağlamlıq imkanları məhdud olan, xüsusi təhsil ehtiyacları olan, yaxud da sosial baxımdan həssas bir mühitdən gəlsin – heç vaxt kənarda qalmasın. Məktəb cəmiyyətin güzgüsüdür və bu güzgüdə hər kəs özünü görməlidir. Təhsilin qapısı hamı üçün açıq olanda, uşaqlar da gələcəkdə özlərini dəyərli və faydalı bir fərd kimi hiss edirlər.
İnklüziv təhsilin əsas məqsədi uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək, onların gələcəkdə özünə inanan, müstəqil və  və məsuliyyətli insanlar kimi yetişməsinə kömək etməkdir. Bu model həm də, bərabərlik və sosial ədalətin ən bariz ifadəsidir. Bu yanaşma bir neçə mühüm prinsipi özündə birləşdirir. Əvvəl təhsil prosesində bərabərlik – əsasdır – yəni heç bir uşaq sağlamlıq vəziyyətinə və sosial mənşəyinə görə ayrı-seçkiliyə məruz qalmamalıdır. Digər tərəfdən, məktəb mühitində müxtəlifliyi hörmət olunmalıdır. Uşaqlar bir-birinin fərqliliyini qəbul etməyi öyrənməli, hər bir fərdin cəmiyyət üçün zənginlik olduğunu anlamalıdır. Əlavə olaraq, müəllimlərin dərs prosesini fərdiləşmiş şəkildə qurması vacibdir. Çünki hər bir uşağın öyrənmə tərzi, qabiliyyəti və marağı başqadır. Fərdi yanaşma sayəsində heç kim geri qalmır, hər kəs öz potensialını üzə çıxarmaq imkanı qazanır. Belə bir mühitin  üstünlükləri çoxdur. Sağlamlıq imkanları məhdud olan uşaqlar özlərini daha güclü və inamlı hiss edir, digərləri isə onlarla birgə təhsil alaraq empatiya, mərhəmət və yardımlaşma hisslərini inkişaf etdirirlər. Bu, məktəbi təkcə bilik məkanı yox, həm də insanlıq məktəbinə çevirir. Burada müəllimlərin rolu həlledicidir. Onlar sadəcə bilik ötürən deyil, həm də istiqamət verən, uşaqların daxili gücünü üzə çıxaran şəxsiyyətdir. Valideynlərsə bu prosesin ayrılmaz, tərəfidir. Onların dəstəyi olmadan inklüzivlik yalnız məktəb divarları ilə məhdudlaşa bilər. Valideynlər övladlarına oyandıqda, onun təhsil yolunda ən böyük motivasiya qaynağına çevrilir. Unutmaq olmaz ki, inklüziv təhsil yalnız müəllim və valideynin üzərinə düşən vəzifə deyil. Bu, bütövlükdə cəmiyyətin məsuliyyətidir. İnklüziv təhsil sadəcə pedaqoji bir model deyil, gələcəyin cəmiyyətini formalaşdıran strateji bir yanaşmadır. Bu gün məktəbdə eyni sırada oturan uşaqlar sabahın vətəndaşlarıdır. Onların bir-birinə yanaşması, fərqliliyini qəbul etməsi və başqasının hüququna hörmət yanaşması gələcəkdə qurulacaq cəmiyyətin güzgüsüdür. Əgər biz hər bir uşağa bərabər imkan yaratmağı bacarmaq, deməli daha tolerant, daha anlayışlı və daha ədalətli bir nəsil yetişdirərək. İnklüzivlik uşaqları kənarda qalmaqdan qoruyur, onlara özünümüdafiə imkanı verir, digərlərinə isə dostluq, mərhəmət və dəstək kimi dəyərləri aşılayır. Beləliklə, məktəb yalnız dərs öyrədən deyil, həm də insanlıq dərsi verən bir məkan kimi dəyər qazanır. Unutmayaq ki, inklüziv təhsil təkcə bu günün məsələsi deyil, gələcəyin təməlidir. Uşaqları birləşdirən məktəb, böyüklərin də birləşdirə bilər. Belədə  cəmiyyət daha ədalətli, mehriban və dayanıqlı olar.

 Zarema Əliyeva

 

Şərh Yaz