Həmyerlimiz mükafatlandırılanlar sırasındadır

 

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında “İqlim dəyişikliklərinin həlli yolları: beynəlxalq əməkdaşlıq və elmi kommunikasiya” mövzusunda tədbir təşkil olunub.

Tədbir çərçivəsində Konfederasiyanın dəstəyi ilə hazırlanmış “Qlobal Davamlı İnkişaf Strategiyası: İnnovasiya, Modelləşdirmə və İttifaqlar” xüsusi elmi nəşrinin təqdimatı keçirilib. Bununla yanaşı, Akademiyada Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin açılışı olub, həmçinin Konfederasiyanın təşəbbüsü ilə keçirilmiş “Yaşıl gələcək bizim gözümüzlə” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, Əmək və Sosial Münasibətlər Akademiyasının professor-müəllim heyəti iştirak ediblər.

Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək Azərbaycanın iqlim dəyişmələrinə qarşı mübarizədə həyata keçirdiyi siyasət və ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində qəbul edilmiş qərarların qlobal əhəmiyyətindən bəhs edib.

Vurğulanıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da iqlim dəyişmələri ilə mübarizə, ətraf mühitin mühafizəsinə dair tədbirlər həyata keçirir və xüsusi elmi nəşrin hazırlanması bu istiqamətdə görülən işlərin davamıdır.

Nəşrdə yer alan məqalələrin elmi dəyəri, aktuallığı və COP29-un məqsədlərinin müəyyən edilməsindəki rolu vurğulanıb. Bildirilib ki, nəşr iqlim dəyişmələri ilə bağlı elmi-tədqiqat işləri, oxucuların elmi potensialının inkişafı və müvafiq sahədəki araşdırmalar üçün etibarlı istinad mənbəyidir.

Həmçinin yeni yaradılan Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzinin ölkəmizdə elmi nəşrlərin keyfiyyətinin artırılması və rəqəmsal identifikasiya sistemlərinin genişləndirilməsi baxımından önəmi qeyd edilib.

Tədbir çərçivəsində Davamlı İdentifikatorların Təminatına Dəstək Mərkəzi tərəfindən bir sıra nəşrlərə rəqəmsal obyekt identifikatoru kodu verilib.

Sonda “Yaşıl gələcək bizim gözümüzlə” fotomüsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, keçirilən önəmli müsabiqənin qalibi kimi mükafatlandırılanlar sırasında İsmayıllı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İsmayıl Faxtiyev də yer alaraq, gənc istedadlarımızın uğurlarına uğur qatıb. Bu münasibətlə sevinənlər və oxucularımız adından İ.Faxtiyevi təbrik edir, ona yeni-yeni uğur və nailiyyətlər arzulayırıq.

İsmayıllı xəbərləri”

Şərh Yaz