Başçı Əməkdar müəllimi qəbul edib
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Əməkdar müəllim Qalib Bəşirovu 70 illik yubileyi münasibətilə qəbul edib.
Başçı qocaman təhsil fədaisini yubileyi münasibətilə təbrik edib, təhsil sahəsində göstərdiyi xidmətləri yüksək qiymətləndirərək ona uzun ömür və can sağlığı arzulayıb.
Bəşirov Qalib Zakir oğlu 1955-ci ildə İsmayıllı rayonunda anadan olub. 1961-1971-ci illər İsmayıllı şəhər 1 nömrəli orta məktəbində orta təshil alıb. 1972-ci ildə S.M.Kirov adına ADU-nun fizika fakültəsinə daxil olan Q.Bəşirov 1977-ci ildə İsmayıllı şəhər 3 nömrəli orta məktəbində fizika müəllimi kimi əmək fəaliyyətinə başlayıb. O, 1980-1981-ci illərdə 138 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1981-1984-cü illərdə İsmayıllı Rayon Komsomol Komitəsində əvvəlcə komsomol təşkilatları şöbəsinin müdiri, sonra Rayon Komsomol Komitəsinin III katibi, 1984-1986-cı illərdə Rayon Partiya Komitəsində təlimatçı vəzifələrində işləyib.
Qalib Bəşirov 1986-ci ildən İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində direktor vəzifəsində əmək fəaliyyətini davam etdirib. Məktəb onun rəhbərlik etdiyi illər ərzində yüksək nəticələri ilə seçilmiş, məzunlarının çoxu yüksək balla ali məktəblərə qəbul olunublar. Məktəb şagirdlərindən onlarcası olimpiada və digər müsabiqə qalibləri kimi, bu təhsil ocağına ucalıq gətirib.
Qalib Bəşirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi yubiley medalı ilə təltif edilib.
Başçı N.Bağırov Qalib müəllimlə səmimi söhbətdən sonra onu 70 illik yubileyi münasibətilə bir daha təbrik edərək, ona qarşıdakı həyatında da sağlamlıq və mənalı ömür arzulayıb.
Əməkdar müəllimi Q.Bəşirov şəxsinə olan dərin hörmətə, əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbəri Prezident cənab İlham Əliyevə, qəbul, səmimi söhbət və göstərilən diqqət üçün İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı N.Bağırova minnətdarlıq edib.
“İsmayıllı xəbərləri”


