Arzuları həyat həqiqətinə çevrilib

 

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün regionlarında olduğu kimi, İsmayıllıda da şəhərin özündə, rayonun qəsəbə və kəndlərində  abadlıq, quruculuq işləri davam etdirilir.

İsmayıllının məhəllələri abadlaşdırılır, intensiv hərəkət yolları asfatlanır,  küçələrə bardürlər düzülür, işıqlandırma işləri aparılır, yolların kənarlarına həmişəyaşıl ağaclar, gül kolları əkilir, sakinlərin asudə vaxtlarının xoş, rahat keçirməsi üçün çoxmənzilli yaşayış binalarının həyətləri yenidən qurulur.

İsmayıllıda son illərdə  hər il 10-15 küçədə asfaltlandırma işi aparılıb. Son günlərdə şəhərin bir neçə küçəsinin asfaltlandırılması həmin küçələrdən istifadə edənlərin böyük sevincinə səbəb olub.

Yolu bu küçədən düşənlərin hər biri yaşadıqları rahatlığa görə ürək dolusu xeyir-dualar edir, gündəlik inkişafda olan  dövlətimizi uğurla idarə edən Prezident cənab İlham Əliyevin, rayon rəhbərliyinin ünvanına xoş fikirlər səsləndirirlər.

Qeyd edək ki, rayon daxilində yol infrastrukturunun yenidən qurulması işləri diqqətdə saxlanılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.

Bir neçə gün əvvəl şəhərin “Babadağ” küçəsi, dalan 2 ünvanında  yaşayan sakinlərindən aldığımız təşəkkür məktubu da qeyd olunanların əməli iş olduğundan söz açır.

Küçənin sakinləri illərdən bəri arzuladıqlarının həyat həqiqətinə çevrilməsindən çox məmnundurlar və inanırlar ki, yaxın gələcəkdə İsmayıllı şəhərində asfalt örtüyü olmayan küçə və dalanlar qalmayacaq.

İsmayıllı xəbərləri”

Şərh Yaz